AZ

Ukrayna və Rusiya arasında “Liviya cəbhəsi Arctic Metagaz”ın vurulmasının gizli detalları açıldı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Fransız Radiosu (RFI) Liviyanın Tripoli sahillərində Rusiyaya məxsus "Arctic Metagaz" qazdaşıyan gəmisinə edilən hücumla bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Araşdırmaya görə, 4 mart 2026-cı il tarixində baş vermiş bu hadisənin arxasında Ukrayna xüsusi xidmət orqanları dayanır.

Məlumata görə, hücum Mellita neft kompleksi yaxınlığındakı bazadan idarə olunan "Magura V5" tipli avtonom dəniz dronu ilə həyata keçirilib. Dron gəminin maşın bölməsini hədəf alıb, nəticədə bölmə sürətlə su ilə dolub və tanker hərəkətsiz qalıb.

Qeyd edək ki, "Arctic Metagaz" Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanması"na daxildir. Gəmi göyərtəsindəki mayeləşdirilmiş təbii qaz (MTQ/LNG) yükü ilə Port-Səid istiqamətində hərəkət edirmiş.

RFI-nin mənbələri iddia edir ki, hazırda Liviyada Əbdül Həmid Dbeybanın rəhbərlik etdiyi Tripoli hökuməti ilə razılaşma əsasında 200-dən çox ukraynalı zabit və hərbi mütəxəssis fəaliyyət göstərir. Ukrayna qüvvələri ölkənin bir neçə strateji nöqtəsində yerləşdirilib. Əsas baza Misratadakı Hərbi Hava Akademiyasıdır. Burada həmçinin ABŞ-ın Afrika Komandanlığı (AFRICOM), Türkiyə və İtaliya hərbçiləri, eləcə də Britaniya kəşfiyyat mərkəzi yerləşir.

Tripolidən 50 kilometr şimalda yerləşən Zaviyə şəhərində hava və dəniz dronlarının buraxılışı üçün tam təchiz olunmuş baza mövcuddur.111-ci briqadanın qərargahında Liviya ordusu ilə koordinasiya mərkəzi fəaliyyət göstərir.

Məlumata görə, 2025-ci ilin payızında ukraynalı mütəxəssislərə dənizə çıxışı olan xüsusi sahələr ayrılıb və burada dronlar üçün uçuş-eniş zolaqları, həmçinin xüsusi antenalar quraşdırılıb.

Araşdırmada bildirilir ki, hərbi əməkdaşlıq haqqında saziş 2025-ci ilin oktyabrında Ukraynanın Əlcəzairdəki hərbi attaşesi Andrey Bayukun təşəbbüsü ilə imzalanıb. Müqavilə çərçivəsində Ukrayna hərbçiləri Liviya qüvvələrinə dronlardan istifadə qaydalarını öyrədir. Gələcəkdə isə bura silah tədarükü və Liviyanın neft sektoruna investisiyaların yatırılması da daxildir.

Bu hadisə Rusiya və Ukrayna arasında Afrikada davam edən gizli qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilir. Liviya daxilində isə "suverenliyin xarici qüvvələrə verilməsi" ilə bağlı tənqidlər artır, bir çox siyasətçilər ölkənin Moskva və Kiyev arasında "proksi müharibəsi" meydanına çevrilməsini pisləyir.

"CNN"-in məlumatına görə, zədələnmiş "Arctic Metagaz"ın göyərtəsində 900 ton yanacaq və 60 min tondan çox mayeləşdirilmiş qaz var. Gəmi hazırda Aİ, İsveçrə, Kanada və Yeni Zelandiyanın sanksiyaları altındadır. Ukrayna kəşfiyyatı iddia edir ki, bu tanker Rusiyanın sanksiya altındakı "Artic LNG-2" layihəsindən Çinin Beyhay terminalına qaz daşımaq üçün istifadə olunur.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
azpolitika.info

1Mənbələr