AZ

Rövşən Nəcəf: "Bundan sonra da uğurlu nəticələrin olacağına inanıram"

Bu gün AFFA-nın XXXIV Hesabat Konfransı keçirilir.

Sportal.az xəbər verir ki, qurumun prezidenti Rövşən Nəcəf çıxış edib. Federasiya prezidentinin fikirlərini diqqətinizə çatdırırıq:

"Kişilərdən ibarət millimiz ötən il çətin sınaqdan keçdi. Milli Fransa və Ukrayna kimi güclü komandalara qarşı yaxşı mübarizə apardı. Ayxan Abbasovun rəhbərliyi altında müsbət dəyişikliklər hiss edilir. Ona çətin dönəmdə millinin baş məşqçisi olmağa razılıq verməsinə və qısa zamandakı dəyişikliyə görə təşəkkür edirəm. Komandamızda mübarizə əzmi artıb, bunun bəhrəsini də görməyə başlamışıq. "FIFA Series-2026" turnirinin qalibi olduq. Sent Lüsiya və Syerre Leona ilə görüşdə qalib gəldik. Rəqiblər güclü olsa da, biz mübarizə əzmi ilə qalib gəldik. Yığma komandamıza təşəkkür edirəm. Bundan sonra da uğurlu nəticələrin olacağına inanıram.

Qadınlar millimiz də beynəlxalq turnirdə qalib oldu. Misli Premyer Liqasında komanda sayı 12-yə çatdı. Legioner limitinin ləğvi rəqabəti artırdı, klubların inkişafına kömək oldu. Gənc futbolçuların oynamaqlarına görə klublara mükafatların verilməsini də qeyd etmək lazımdır. Bu, gənclərin inkişafını stimullaşdırır, klubları akademiyaya daha çox diqqət ayırmağa sövq edir.

"Qarabağ" da Avropada uğurlu çıxış etdi, ölkəmizi layiqli şəkildə təmsil etdi. Bu hisslərə, emosiyalara görə "Qarabağ"a və xüsusilə Qurban Qurbanova təşəkkürümü bildirirəm. Ən mühüm hadisələrdən biri də 2027-ci ildə U-20 dünya çempionatının final mərhələsinin Azərbaycan və Özbəkistana həvalə edilməsidir. Futbol tarixində ilk dəfə kişilər arasıda dünya çempionatı Azərbaycanda keçiriləcək. Bu da məqsədyönlü dövlət siyasətinin və idmanın inkişafı üçün yaradılmış şəraitin bariz nümunəsidir. İnanıram ki, qarşıya qoyulan məqsədə çatmaq üçün AFFA və futbol ailəsi üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Yalnız birlikdə uğurlara imza ata bilərik".

saytlarin hazirlanmasi

Seçilən
20
2
sportal.az

3Mənbələr