AZ

İrəvan işğaldan azad edilə bilər ermənilərin seçimi

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son üç onillikdə Cənubi Qafqaz regionu davamlı gərginlik, qeyri-sabitlik və hərbi toqquşmalarla yadda qaldı.

Azərbaycan və Ermənistan arasında imzalanmış 1994-cü il atəşkəs razılaşmasına baxmayaraq, bu rejim heç vaxt tam dayanıqlı xarakter daşımadı. Faktiki olaraq, 30 ildən artıq müddətdə demək olar ki, hər gün atəşkəs pozuntuları qeydə alındı.

Bu pozuntular mütəmadi itkilərlə müşahidə olundu və Azərbaycan məcburi cəlb edildiyi bu müharibədə hər ay şəhid verdi. Bu, klassik “donmuş münaqişə” anlayışının real praktikada nə qədər təhlükəli və qeyri-sabit olduğunu göstərdi. Beynəlxalq münasibətlər nəzəriyyəsində belə münaqişələr latent müharibə fazası kimi qiymətləndirilir. Yəni formal olaraq sülh olsa da, faktiki olaraq müharibə davam edir.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi isə regionda köklü geosiyasi dəyişikliklərə səbəb oldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və yeni reallıq formalaşdı. Bu müharibə göstərdi ki, status-kvo davamlı ola bilməz və gec-tez dəyişməlidir. Eyni zamanda, bu proses sülhün alternativsiz olduğunu da ortaya qoydu. Çünki uzunmüddətli qarşıdurma nə iqtisadi inkişaf, nə də sosial rifah üçün imkan yaradır.

2025-ci ilin avqust ayında ABŞ-da Azərbaycan və Ermənistan arasında paraflanmış sülh razılaşması isə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu razılaşma ilə faktiki olaraq uzun illər davam edən atəşkəs pozuntularına son qoyuldu. Müşahidələr göstərir ki, həmin dövrdən sonra demək olar ki, atəşkəs pozuntusu qeydə alınmayıb. Bu isə region üçün nadir sabitlik nümunəsidir. Siyasi analiz baxımından bu, “post-münaqişə sabitləşmə mərhələsi” kimi xarakterizə oluna bilər.

Əslində müharibə heç bir xalq üçün arzuolunan deyil. Xüsusilə də sadə insanlar üçün müharibə yalnız itkilər, dağıntılar və faciələr deməkdir. Tarix göstərir ki, müharibələrdən qazanan əsasən siyasi elitalar, itirən isə xalqlar olur. Bu baxımdan sülh humanitar zərurətdir.

Hazırda Ermənistan daxilində yeni siyasi gərginliklər müşahidə olunur. Qarşıdan parlament seçkiləri gəlir və bu seçkilər ölkənin gələcək kursunu müəyyən edəcək. Bu kontekstdə revanşist qüvvələrin yenidən fəallaşması diqqət çəkir.

Xüsusilə keçmiş prezident Robert Köçəryanın siyasi səhnəyə qayıtmaq cəhdləri ortadadır. Tarixi faktlar göstərir ki, Köçəryan dövrü Ermənistan üçün hərbi avantüralar və iqtisadi tənəzzül ilə yadda qalıb.

Analitik yanaşma ilə desək, bu qüvvələr klassik “revizionist siyasət” yürütməyə çalışır. Onlar xarici dəstək hesabına hakimiyyətə qayıtmaq niyyətindədirlər. Verilən vədlər isə reallıqdan uzaqdır və populist xarakter daşıyır. Əslində bu vədlər Ermənistan cəmiyyətinə yeni müharibə riskləri vəd edir.

Mövcud hakimiyyət, xüsusilə baş nazir Nikol Paşinyan, dəfələrlə Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan edib. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mövqedir. Lakin Köçəryan kimi siyasətçilər bu reallığı qəbul etmək istəmirlər. Onların siyasi ritorikası daha çox emosional və aqressiv xarakter daşıyır.

Bu yanaşma Ermənistan cəmiyyəti üçün nə vəd edir?

Tarixi təcrübə göstərir ki, bu cür siyasət yalnız yeni itkilərə səbəb olur. Qan, yoxsulluq, sosial böhran və beynəlxalq təcrid belə siyasətin qaçılmaz nəticələridir. Dövlətçilik baxımından isə bu, daha ciddi təhlükələr yarada bilər.

Azərbaycan isə dəfələrlə bəyan edib ki, sülh tərəfdarıdır. Əgər belə olmasaydı, 2020-ci ildə əldə olunan hərbi üstünlükdən maksimum istifadə edilə bilərdi. Lakin Azərbaycan beynəlxalq hüquqa uyğun davranaraq prosesləri siyasi müstəviyə keçirdi. Bu, məsuliyyətli dövlət davranışının nümunəsidir.

Bütün bu faktları sadalamaqla məqsəd odur ki, Ermənistan cəmiyyəti qarşıdan gələn seçkilərdə doğru strateji seçim etməlidir. Bu seçim müharibə ilə sülh arasında seçimdir. Və birmənalı şəkildə bu seçim gələcək nəsillərin taleyini müəyyən edəcək.

Sülh inkişaf, əməkdaşlıq və sabitlik deməkdir. Müharibə isə geriləmə, dağıntı və insan faciələridir. Bu, sadə və aydın seçimdir.

Azərbaycan öz mövqeyində qalır, müharibə istəmir. Lakin təhlükəsizlik məsələlərində prinsipial mövqedən geri çəkilmir. Regionda yeni təhlükə yaranarsa, Azərbaycan öz maraqlarını qorumaq hüququna malikdir.

Cənubi Qafqaz yeni tarixi mərhələyə qədəm qoyur. Bu mərhələdə əsas sual budur, qarşıdurma, yoxsa əməkdaşlıq? Bu sualın cavabı təkcə siyasətçilərin deyil, xalqların seçimindən asılıdır. Sabit və firavan gələcək yalnız sülh üzərində qurula bilər.

Bu gün qarşıda duran əsas məsələ emosional şüarlardan uzaq rasional seçimlərlə müəyyən olunur.

Əgər erməni analar övladlarının yeni müharibələrin qurbanına çevrilməsini istəmirlərsə, onlar sülhə səs verməlidirlər. Çünki müharibə ilk növbədə anaların göz yaşları, ailələrin faciəsi deməkdir.

Əgər erməni xalqı dövlətlərinin gələcəyini riskə atmaq istəmirsə, sülh yolunu seçməlidir.Dünya siyasi xəritəsində mövcudluq yalnız sabitlik və düzgün strateji seçimlər hesabına qorunur.

Əgər erməni siyasi elitası öz gələcəyini düşünürsə, avantürist və revanşist siyasətdən imtina etməlidir. Tarix sübut edib ki, yanlış qərarlar xalqlara çox baha başa gəlir.

Bu gün Ermənistan cəmiyyəti məhz belə bir tarixi seçim qarşısındadır.  Ya sülh, əməkdaşlıq və inkişaf yolu, ya da təkrarən qarşıdurma və tənəzzül. Başqa alternativ yoxdur və bu, artıq siyasi reallıqdır.

Azərbaycan açıq şəkildə bəyan edir ki, sülhə sadiqdir. Eyni zamanda öz ərazi bütövlüyünə və suverenliyinə də qətiyyətlə bağlıdır. Bu, beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və dəyişməzdir. Azərbaycanın mövqeyi aydındır və uzunmüddətli strateji xəttə əsaslanır.

Erməni cəmiyyəti həm də xarici təsirləri düzgün qiymətləndirməlidir. Tarixi təcrübə göstərir ki, Rusiya heç vaxt Ermənistan üçün real rifah və təhlükəsizlik təmin etməyib. Əksinə, onu uzun illər geosiyasi alət kimi istifadə edib. Bu gün də eyni ssenarinin təkrarlanması cəhdləri müşahidə olunur. Köçəryan kimi fiqurların yenidən önə çıxması məhz bu kontekstdə baş verir. Onun siyasəti Ermənistanı inkişafa yox, yeni qarşıdurmalara aparır. Bu isə nə dövlətçilik, nə də xalq üçün perspektiv vəd etmir.

Əgər ermənilər yenidən bu yolu seçəcəklərsə, nəticələri də 44 günlük Vətən müharibəsindən fərqli olmayacaq. Regionda yaranmış yeni reallıqlar artıq geri dönməz xarakter daşıyır. Bu reallıqları qəbul etməmək isə daha ağır nəticələrə gətirib çıxara bilər. Tarixi Azərbaycan şəhəri İrəvanın azad edilməsi göz önünə gətirilməlidir.

Seçim isə aydındır və məsuliyyət birbaşa Ermənistan cəmiyyətinin üzərinə düşür. Sülhü seçmək gələcəyi seçmək, müharibəni seçmək isə qeyri-müəyyənlik və itkilər deməkdir.

Son qərar erməni xalqınındır.

Elnur ƏMİROV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
modern.az

1Mənbələr