AZ

"Təhsil keyfiyyətinin artırılması əsas prioritetlərdəndir" - Gülçöhrə Məmmədova

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil proqramlarının keyfiyyətinin yüksəldilməsi, onların əmək bazarının tələblərinə uyğunlaşdırılması və universitet–sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə dövlət qurumlarının, özəl sektorun və müxtəlif sənaye sahələrini təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun Keyfiyyət Təminatı və Monitorinq Mərkəzinin müdiri Könül Ağayeva görüşün məqsədi barədə məlumat verərək bildirib ki, universitetin təşəbbüsü ilə aparılan müraciətlər nəticəsində 23 qurumdan 38 ixtisas üzrə əməkdaşlıq təklifləri formalaşıb. Onun sözlərinə görə, bu təşəbbüs ali təhsilin praktik biliklərlə zənginləşdirilməsi, tədris proqramlarının müasirləşdirilməsi və əmək bazarının real tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin inkişaf strategiyasında təhsil keyfiyyətinin artırılmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Rektor qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələrinin missiyası yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda praktik bacarıqlara malik, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını tələb edir. Bu məqsədlə universitetlə real sektor arasında səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Rektor, həmçinin vurğulayıb ki, işəgötürənlərin və sahə üzrə mütəxəssislərin tədris prosesinə cəlb olunması proqramların daha çevik və praktik əsaslarla yenilənməsinə imkan yaradır. Onun sözlərinə görə, ekspert rəyləri təhsil proqramlarının qiymətləndirilməsi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsində mühüm rol oynayır və bu istiqamətdə aparılan işlər tələbələrin real iş mühitinə uyğun bilik və bacarıqlarla yetişdirilməsinə xidmət edir.

Tədris işləri üzrə prorektor, professor Akif Qasımov çıxışında qeyd edib ki, ekspertlərin fəaliyyətinin səmərəli təşkili üçün universitet tərəfindən bütün zəruri təşkilati dəstək təmin olunacaq. O bildirib ki, monitorinq və qiymətləndirmə prosesinin şəffaf və obyektiv həyata keçirilməsi məqsədilə ekspert rəyləri sistemli şəkildə təhlil edilərək tədris prosesinə inteqrasiya olunacaq.

Tədbirdə çıxış edən ekspertlər AzMİU-da həyata keçirilən bu təşəbbüsü yüksək qiymətləndirərək, universitet–sənaye əməkdaşlığının genişləndirilməsinin ali təhsildə keyfiyyət təminatı sisteminin gücləndirilməsinə, proqramların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına və müasir kadr hazırlığının təmin olunmasına mühüm töhfə verdiyini qeyd ediblər. Eyni zamanda, onlar gələcəkdə AzMİU ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Keçirilən görüş AzMİU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi, proqramların müasirləşdirilməsi və universitetin əmək bazarı ilə inteqrasiyasının dərinləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin tərkib hissəsidir. 

Qeyd edək ki, monitorinq prosesinə cəlb olunan ekspertlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərişıq” ASC, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi kimi nüfuzlu qurum və şirkətlərdən olan aparıcı mütəxəssislərdir.

Seçilən
52
50
unikal.az

10Mənbələr