AZ

Azərbaycan təhsilinin uğuru: ADU beynəlxalq reytinqdə irəlilədi

Son illərdə Azərbaycanda təhsilin və ali məktəblərin beynəlxalq akademik məkandakı nüfuzu nəzərəçarpacaq dərəcədə yüksələrək ölkənin intellektual simasını daha da parlaq şəkildə dünyaya təqdim edir. Bu yüksəliş təkcə statistik göstərici deyil, həm də Azərbaycanın elm və təhsil sahəsində artan nüfuzunun canlı təcəssümüdür.

QHT.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq akademik məkandakı mövqeyinin son illərdə əhəmiyyətli dərəcədə gücləndiyini bildirib.

Vəfa Babayeva qeyd edib ki, qloballaşan dünyada ali təhsil müəssisələri cəmiyyətin intellektual və sosial inkişafının əsas dayaqlarından biri kimi çıxış edir. Onun sözlərinə görə, universitetlər yalnız peşəkar kadr hazırlamaqla məhdudlaşmır, eyni zamanda elmi biliklərin formalaşdırılması, innovativ yanaşmaların təşviqi və yaradıcı düşüncənin inkişafında mühüm rol oynayır.

Dosent vurğulayıb ki, universitetlərin beynəlxalq akademik reytinqlərdə tutduğu mövqe həm təhsilin keyfiyyət göstəricisi, həm də ölkənin ümumi inkişaf potensialının mühüm ifadəsidir.

V.Babayevanın sözlərinə görə, 2026-cı il martın 25-də “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin açıqladığı son nəticələr ADU üçün xüsusi qürur mənbəyi olub. O bildirib ki, universitet “Müasir dillər” istiqaməti üzrə 151–200-cü yerlər intervalında qərarlaşıb.

“Bu dinamika ali təhsil müəssisəsinin davamlı inkişaf yolunu və həyata keçirilən islahatların effektivliyini əyani şəkildə nümayiş etdirir” – deyə Vəfa Babayeva bildirib.

Onun fikrincə, əvvəlki illərdə 301–340 və 201–250 aralığında olan göstəricinin daha yüksək pilləyə qalxması universitetdə aparılan məqsədyönlü islahatların real nəticəsidir.

Vəfa Babayeva bildirib ki, ADU-nun “Linqvistika” sahəsi üzrə ilk dəfə QS reytinqinə daxil olaraq 251–300-cü yerlər arasında mövqe qazanması da xüsusi əhəmiyyət daşıyır.

Dosent əlavə edib ki, bu nəticə universitetin elmi-tədqiqat fəaliyyətinin genişlənməsi, akademik potensialın güclənməsi və beynəlxalq elmi şəbəkələrə inteqrasiyanın artması ilə bağlıdır.

“Azərbaycan Dillər Universitetinin əldə etdiyi bu nailiyyətlər yalnız bir təhsil müəssisəsinin uğuru deyil, bütövlükdə ölkənin elmi-intellektual potensialının və təhsil strategiyasının uğurlu təzahürüdür” – deyə V.Babayeva qeyd edib.

Onun sözlərinə görə, universitetin rektoru akademik Kamal Abdullayevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunun və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verib.

Sonda dosent vurğulayıb ki, mövcud inkişaf strategiyasının davamlı şəkildə icrası və akademik heyətin yüksək peşəkarlığı gələcəkdə daha böyük beynəlxalq uğurların əldə olunacağına əsaslı inam yaradır.

Fatimə Nəbiyeva

Seçilən
36
qht.az

1Mənbələr