Valideynlər övladlarını erkən yaşlardan müxtəlif idman növlərinə yönləndirirlər. Bu, uşaqların fiziki inkişafı, sağlamlığı və nizam-intizamlı böyüməsi baxımından mühüm rol oynayır. Xüsusilə oğlan uşaqları daha çox idmana cəlb olunur. Lakin cəmiyyətdə belə bir mif geniş yayılıb ki, guya cüdo ilə məşğul olmaq uşaqların boy inkişafına mənfi təsir göstərir.
Bəs bu nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, hazırkı elmi araşdırmalar göstərir ki, cüdo boy inkişafını əngəlləmir:

"Uşaqlarda və yeniyetmələrdə düzgün qurulmuş məşq prosesi onların boy artımını dayandıra bilməz. Əsas məsələ odur ki, boy artımına ən çox genetika, qidalanma, yuxu, ümumi sağlamlıq və hormonal inkişaf təsir edir. Yəni problem cüdonun özündə yox, yanlış yanaşmalarda ola bilər. Məsələn, yaşa uyğun olmayan yüklənmə, zəif nəzarət, davamlı həddən artıq çəki salma, bərpa çatışmazlığı və vaxtında müalicə olunmayan zədələr uşağın inkişafına mənfi təsir göstərə bilər. Cüdo yığmamızda yetərincə uzunboylular var. Məsələn, Murad Fətiyevin boyu 190 sm-dir".
Nuriyyə NATİQQIZI