AZ

Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyərək yandıran şəxsdən xəbər var

Abşeronda boşandığı həyat yoldaşına "sənə sürpriz edəcəyəm" deyib, evinə alışqanla od vuraraq yandırmaqda ittiham edilən Qürbət Şahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, Qürbət Şahverdiyev həbsdən çıxdıqdan sonra boşandığı həyat yoldaşı E.Ş. ilə birgə yaşadıqları mənzilə görə aralarında mübahisə yaranıb. O, içkili halda birgə nikah dövründə yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq, istifadə etdiyi alışqanı yatağın üstünə tullayıb. Alışqanın sönməməsinə ehtimal verməyərək, siqaret çəkmək üçün həyətə düşüb. Daha sonra evinin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 000 manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub.

 

Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl "sənə sürpriz edəcəyəm" deyib. Sonra isə sözügedən hadisəni törədib.

 

Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

Dostu ilə birgə restoranda müştərini döyən şəxsin cəzası azaldıldı

 

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Akif Dadaşovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilib, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən məhkuma Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb.

 

İttihama görə, hadisə 29 may 2024-cü il tarixdə, saat 04 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoran birində baş verib. Belə ki, Akif Dadaşov həmin vaxt restoranda olarkən obyektin icarədarı olan atası ilə müştəri qismində əyləşmiş zərərçəkmiş Kənan Yusifov (adı, soyadı şərtidir) arasında yaranmış sözlü mübahisəni görüb. Bu zaman o, vəziyyətə müdaxilə edərək digər təqsirləndirilən Faiq Nağızadə (adı, soyadı şərtidir) və şəxsiyyəti istintaqa məlum olmayan “Baxış” adlı şəxslə birlikdə bir qrup şəxs halında hərəkət edib. Onlar restoranda digər şəxslərin olmasına baxmayaraq, zərərçəkmiş şəxsə qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozublar.

 

İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər Faiqə yumruq və təpik zərbələri endirməklə yanaşı, masanın üzərində olan şüşə qablar, pivə stəkanları və digər əşyaları silah qismində istifadə edərək ona müxtəlif bədən xəsarətləri yetiriblər.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə sol göz qapaqları və gözaltı nahiyədə qançırlar, həmin gözün ağlı qişasına qansızma, hər iki said, sol dirsək oynağı və sol kürək nahiyəsində sıyrıqlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib.

 

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Akif Dadaşov 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmin hökm ilə digər təqsirləndirilən şəxs də Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

 

Belə ki, apellyasiya instansiyası tərəfindən təqsirləndirilən şəxslərə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

 

 

Tarix: 3 Aprel 2026, 08:35   
Seçilən
73
pravda.az

1Mənbələr