AZ

NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) "Orion" kosmik gəmisinin heyətinə Aya doğru trayektoriyaya daxil olmaq üçün manevr etməyə icazə verib.

"Report" xəbər verir ki, bu barədə "NASA"nın saytında məlumat verilib.

Məlumata görə, manevr etmək üçün gəmi əsas mühərrikini 5 dəqiqə 49 saniyə işlətməlidir. Mühərrikin 2,7 tona qədər dartma gücü yarada biləcəyi müəyyən edilib.

"Artemis II" missiyasında Orion kosmik gəmisini daşıyan "SLS" raketi çərşənbə günü yerli vaxtla saat 18:35-də Floridadakı Kennedi Kosmik Mərkəzindən havaya qalxıb. NASA astronavtları Rid Vaysman, Kristina Kuk və Viktor Qloverin kanadalı astronavt Ceremi Hansenlə birlikdə Yerə qayıtmazdan əvvəl Ayın səthindən təxminən 8000 km məsafədə uçması gözlənilir.

Missiya 10 gün davam edəcək. Qeyd etmək lazımdır ki, Aya sonuncu insanlı missiya 1972-ci ilin dekabrında, Apollo 17 ekspedisiyasının bir hissəsi olaraq baş tutub. Əgər "Artemis II" uğurlu olarsa, iştirakçılar Yer kürəsindən insanlar üçün rekord məsafəyə çatacaqlar.

Seçilən
75
7
far.az

10Mənbələr