AZ

Tramp üçün böyük risk: ABŞ məqsədlərinə çatmaya bilər...

İran müharibəsində gözlənilən nəticələrin əldə olunması sual altındadır...

Poliqon xəbər verir ki, Time nəşrinin məlumatına görə, ABŞ İranla münaqişədən əsas strateji məqsədlərinə nail olmadan çıxa bilər. Bildirilir ki, Vaşinqtonun ilkin planları gözlənildiyi kimi reallaşmayıb və İranın cavab reaksiyası ABŞ administrasiyası üçün gözlənilməz olub.

Mənbələrin məlumatına görə, ABŞ rəhbərliyi ilk zərbələrin İranı ciddi şəkildə zəiflədəcəyini və Tehranın yalnız məhdud cavab vermək məcburiyyətində qalacağını düşünürdü. Lakin hadisələrin inkişafı fərqli olub və İranın cavabı daha genişmiqyaslı xarakter daşıyıb. ABŞ-nin müdafiə naziri Pit Heqsetin bu reaksiyadan “təəccübləndiyi” qeyd olunur.

Pentaqonun məlumatına əsasən, hücumlar nəticəsində İranın raket potensialının təxminən 90 faizi sıradan çıxarılıb və ya məhv edilib. Buna baxmayaraq, analitiklər hesab edirlər ki, ABŞ prezidenti Donald Trampın daha geniş məqsədlərə – İranın nüvə silahına çıxışının qarşısını almaq, ballistik raket proqramını ləğv etmək və ölkədə rejim dəyişikliyinə nail olmaq – çatması real görünmür.

Eyni zamanda, bəzi İsrail və ABŞ mənbələri bildirirlər ki, mövcud vəziyyət əksinə effekt yarada bilər və İran nüvə silahını əldə etməyə daha çox maraq göstərə bilər. Onların fikrincə, Tehran bunu gələcək hücumların qarşısını almağın yeganə yolu kimi görə bilər.

Ağ Evin bəzi rəsmiləri isə hesab edir ki, vəziyyətdən çıxış yolu İranın nüvə proqramını məhdudlaşdıracaq ciddi razılaşmanın əldə olunmasından keçir. Lakin ekspertlər belə bir razılaşmanın əldə edilməsinin çətin və uzunmüddətli proses olacağını vurğulayırlar.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr