AZ

İngiltərədə ötən il 1504 nəfər istidən ölüb

İngiltərədə ötən il 1504 nəfər istidən ölüb

İngiltərə miqyasında ötən il baş verən güclü isti hava dalğaları nəticəsində 1504 ölüm faktının qeydə alındığı bildirilib.

AFN.az xəbər verir ki, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) yaydığı hesabata görə, yay aylarındakı 5 fərqli isti dövrü əhatə edən can itkisi sayı proqnozlaşdırılan 3039 rəqəmindən aşağı olub.

Mütəxəssislər orta temperaturun 16,1 dərəcə ilə rekord həddə çatdığı ötən yayda ölüm hallarının gözləniləndən az olmasını səhiyyə sistemi və dövlət qurumları tərəfindən görülən qabaqlayıcı tədbirlərlə əlaqələndirirlər.

Agentliyin statistik məlumatlarına əsasən, yüksək temperaturla bağlı ölümlər ən çox 85 yaş və yuxarı qrupda müşahidə edilib və bu hallar əsasən ölkənin cənub, mərkəzi və şərq bölgələrində qeydə alınıb. İsti hava dalğalarının xüsusilə yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün ciddi risk yaratmağa davam etdiyi vurğulanır. İqlim dəyişikliyi fonunda bu növ təbiət hadisələrinə qarşı hazırlıqlı olmağın və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Seçilən
62
afn.az

1Mənbələr