ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Yüksək qan təzyiqi çox vaxt heç bir əlamət büruzə vermədən inkişaf etdiyi üçün tibb aləmində "səssiz qatil" adlandırılır. Hipertoniya uzun müddət gizli qalsa da, orqanizmdə yaratdığı fəsadlar gələcəkdə ciddi sağlamlıq risklərinə yol açır. Gündəlik həyat tərzi, qidalanma vərdişləri və stress səviyyəsi təzyiqin idarə olunmasında həlledici rol oynayır.Tibb eksperti Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, yüksək qan təzyiqi ürək miokard infarktı və insultun yaranmasında əsas faktorlardan biridir.Həkimin sözlərinə görə, arterial təzyiqin yüksəlməsi damar divarlarını zədələyərək həyati vacib orqanların fəaliyyətini pozur. Bu vəziyyətə profilaktik yanaşma xəstəliyin fəsadlarından qorunmaq üçün ən effektiv yoldur."Yəni həm miokard infarktının, həm də insultun yaranmasında yüksək təzyiq böyük rol oynayır. Bu, əslində hipertonik kriz riskidir. Problem ondadır ki, hipertoniya xəstələri çox vaxt xəstəliyə uyğunlaşırlar və vəziyyətin ciddiliyini qəbul etmirlər. Xüsusilə, xolesterin səviyyəsi yüksək olan, triqliseridləri normadan artıq olan şəxslər dərman qəbul etmir, həkimə müraciət etmir və özlərinə lazımi diqqəti göstərmirlər. Bəzən isə sistolik təzyiqi 200 mmHg-yə yaxın olan xəstələr belə, bunu hiss etmədən gündəlik həyatlarını davam etdirirlər. Lakin bu yüksək təzyiq gecə saatlarında qəfil yüksələndə, ani ölümlərə, miokard infarktına və ya insulta səbəb ola bilər. Məhz bu, hipertoniya xəstəliyinin ən təhlükəli tərəfidir".Həkim bildirib ki, bu səbəbdən belə xəstələrin mütəmadi olaraq "check-up" müayinələri aparılmalı, onlara lazımi təyinatlar verilməli və təzyiq normada saxlanmalıdır. "Əks halda, əmək qabiliyyətini itirən bu insanlar əlilliyə doğru gedir, dövlət və ailə üçün əlavə yük və xərc yaranır. Bəzən bu xəstələr ictimai faydalı şəxslər olurlar, məsələn, sənət və ya istehsalat sahəsində çalışaraq cəmiyyət üçün faydalı olurlar. Lakin təzyiqə nəzarətsizlik nəticəsində onların həyatları risk altına düşür və sadəcə nizamsızlıqdan faciəyə çevrilir. Ona görə hesab edirəm ki, insanlar diqqətli olmalıdır. 40–45 yaşdan yuxarı şəxslər mütəmadi olaraq arterial təzyiqini ölçməlidir. Ailə anamnezi, yəni valideynlərdən irsi keçən xəstəliklər də erkən hipertoniya riskini artırır. Belə xəstələr erkən yaşdan nəzarət altında olmalı, hipertonik kriz və onun fəsadlarından qorunmalıdır".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.