ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir sıra ölkələrdə ağır qəzaya düşmüş, seldə qalan, subasma ilə üzləşmiş, yanmış avtomobillər mərkəzi sığorta bürosunda xüsusi şəkildə qeyd olunur. Bu büronun rəsmi saytına daxil olan şəxslər ödənişli şəkildə maşının tarixçəsinə baxa bilirlər. Burada həmçinin maşının servis xidmətləri də əks olunur. Amerikanın "Carfax" xidməti bu baxımdan xüsusi seçilir. Azərbaycanda isə belə sistem illərdi mövcud deyil. Sadəcə smsradar xidməti vasitəsi ilə maşının qəzasının olub-olmamasını bilmək olur. Nəzərə alsaq ki, maşınlar Amerikadan gətirilsə də, Bakıda da illərlə sürüldüyü dövrdə yolda alışma, suda qalma, aşma kimi bədbəxt hadisələrlə üzləşirlər. Bəs belə maşınları necə müəyyənləşdirmək olar?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, qəzaya uğramış avtomobilləri müəyyənləşdirmək tam olaraq mənbə ilə mümkün olmasa da, bir neçə üsulun birlikdə tətbiqi ilə bunu dəqiqləşdirmək mümkündür:"İlk növbədə avtomobilin VIN kodu üzrə beynəlxalq bazalarda, xüsusilə Carfax kimi platformalarda yoxlama aparmaq vacibdir. Bu, əsasən ABŞ-dan gətirilmiş avtomobillər üçün keçərlidir və qəza, sığorta hadisələri, bəzən isə servis tarixçəsi haqqında məlumat verir. Lakin avtomobil Azərbaycanda istismar olunubsa, burada baş verən hadisələr rəsmi sistemlərdə qeyd olunmaya bilər. Həmçinin, bəzi hallarda ABŞ hərraclarından alınmış avtomobillərin tarixçəsinin Carfax platformasında mövcud olmaması da müşahidə olunur. Belə hallarda vizual və texniki yoxlama əsas rol oynayır. Peşəkar baxış zamanı kuzovda rəng fərqləri, qaynaq izləri, boltların açılıb-bağlanma əlamətləri, elektrik sistemində oksidləşmə (xüsusilə subasma hallarında) və salon daxilində rütubət izləri ciddi siqnal hesab olunur".
Ekspert bildirib ki, bundan əlavə, ixtisaslaşmış servis mərkəzində diaqnostika aparmaq tövsiyə olunur."Elektron bloklarda saxlanılan səhv kodları və tarixçələr bəzən avtomobilin keçmişdə məruz qaldığı problemləri üzə çıxara bilir. Nəticə etibarilə, belə avtomobilləri müəyyənləşdirmək üçün yalnız bir mənbəyə deyil, həm beynəlxalq məlumat bazalarına, həm də yerli texniki ekspertizaya əsaslanmaq lazımdır. Bu yanaşma alıcı üçün daha təhlükəsiz və düzgün qərar verməyə imkan yaradır".Qeyd edək ki, suda qalmış nəqliyyat vasitəsi vizual olaraq təmiz görünsə də, müəyyən izləri tamamilə yox etmək demək olar ki qeyri-mümkündür. İlkin olaraq salondakı qoxuya fikir verilməlidir. Əgər maşında kəskin kif və ya rütubət qoxusu varsa, bu, döşəmənin altına suyun sızdığından xəbər verir. Satıcı bu qoxunu gizlətmək üçün salona çoxlu sayda ətirləndirici yerləşdirə bilər. Bu halda həddindən artıq güclü ətir qoxusu da şübhə yaratmalıdır.Daha sonra oturacaqların altındakı metal hissələrə və cihazlar panelinin iç tərəfinə baxmaq faydalıdır. Həmin hissələr adətən rənglənmir. Əgər orada pas ləkələri və ya qəribə ərp izləri görürsünüzsə, deməli, həmin hissələr su ilə təmasda olub. Eyni zamanda təhlükəsizlik kəmərini sonuna qədər çəkib baxmaq lazımdır. Kəmərin ən dib hissəsindəki rəng fərqi və ya lilli su ləkələri maşının suyun içində olduğunu birbaşa sübut edir.Farların və duman əleyhinə işıqların içindəki buxar və ya qurumuş çirk ləkələri də mühüm göstəricidir. Normal şəraitdə faraların içində su izi olmamalıdır. Mühərrik hissəsindəki elektrik kabellərinin birləşmə yerlərində, yəni "fişkalarda" oksidləşmə və yaşıl rəngli ləkələrin olması maşının elektrik sisteminin ciddi zərər gördüyünü göstərir.Xalça örtüyünün altını yoxlamaq da mütləqdir. Əgər örtük döşəməyə tam yapışmırsa və ya altındakı süngər hissədə ləkələr varsa, bu, avtomobilin keçmişindən xəbər verir. Ekspert rəyi olmadan belə, bu xırda detalları izləməklə potensial problemlərdən sığortalanmaq mümkündür.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.