GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyənin Milli Müdafiə Nazirliyi Vətən Partiyasının sədri Doğu Perinçekin Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsi ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Perinçek həmin təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etmişdi.
O, həmçinin hadisə ilə bağlı hesabatın gizlədildiyini və bu barədə ictimaiyyətə məlumat verilmədiyini açıqlamışdı.
Milli Müdafiə Nazirliyi isə bu iddiaları qəti şəkildə təkzib edərək onların açıq şəkildə dezinformasiya olduğunu bildirib. Nazirliyin açıqlamasında qeyd olunub ki, səsləndirilən fikirlər heç bir konkret sübuta əsaslanmır və Türkiyə Silahlı Qüvvələrini ictimaiyyətdə gözdən salmağa yönəlib.
Açıqlamada vurğulanıb ki, sözügedən qəzada 20 hərbçi şəhid olub və rəqəmin belə yanlış təqdim edilməsi məsuliyyətsiz yanaşmanın göstəricisidir. Nazirlik həmçinin bildirib ki, “C-130” təyyarəsi ilə bağlı texniki araşdırma bütün aspektləri ilə davam etdirilir və yekun hesabat hazır olduqdan sonra ictimaiyyətlə şəffaf şəkildə məlumat veriləcək.
Nazirlik, məsələ ilə bağlı hüquqi addım atıldığını da açıqlayıb. Bildirilib ki, Doğu Perinçekin iddialarına görə onun barəsində rəsmi olaraq şikayət edilib və hüquqi proses başlanılıb.
Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, dövlət təhlükəsizliyinə dair məsələlərdə əsassız və manipulyativ iddialara etibar edilməməli, yalnız rəsmi mənbələrdən verilən məlumatlara istinad olunmalıdır.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.