Alimlər Marsda, Yezero kraterinə tökülən qədim Neretva çayının (Neretva Vallis) yatağındakı süxurlarda anomal dərəcədə yüksək nikel konsentrasiyası aşkar ediblər. Bu kəşf Qırmızı planetdə keçmişdə həyat üçün yararlı şəraitin mövcud ola biləcəyinə dair daha bir sübutdur.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc olunub.
Tədqiqat Yezero kraterinin səthini öyrənən "Perseverance" marsaxodunun məlumatlarına əsaslanır. Ərazinin "Bright Angel" adlandırılan işıqlı süxurlardan ibarət hissəsində cihazlar qeyri-adi dərəcədə güclü nikel siqnalı qeydə alıb. Perdyu Universitetinin planetoloqu Henri Manelskinin izah etdiyi kimi, belə konsentrasiyalara çox nadir hallarda rast gəlinir: adətən nikel planetin formalaşmasının erkən mərhələlərində nüvəyə çəkilir, səthdə isə yalnız cüzi izlərinə rast gəlinir.
Analizlər göstərib ki, öyrənilən 126 çökmə süxurdan 32-də nikelin miqdarı kütləcə 1,1%-ə çatıb — bu, meteoritləri çıxmaq şərtilə, Mars qabığı üçün rekord göstəricidir. Nikelin dəmir sulfidləri ilə birləşməsi xüsusi maraq doğurub, çünki Yer kürəsində bu minerallar oksigenin az olduğu mühitlərdə formalaşır. Belə şərait qədim mikrob həyatı üçün əlverişli hesab olunur.
"Dəmir sulfidlərində nikelin mövcudluğu oksigenlə kasıb olan bərpaedici mühitə işarə edir. Bu, həmin süxurların formalaşdığı kimyəvi şərait haqqında mühüm ipucudur", — deyə Manelski bildirib.