AZ

Makron Hörmüz boğazına hərbi müdaxiləni rədd edib

Fransa prezidenti Hörmüz boğazının güc yolu ilə açılmasını qeyri-real adlandırıb...

Fransa prezidenti Emmanuel Makron Hörmüz boğazının hərbi əməliyyat vasitəsilə açılmasının qeyri-real olduğunu bildirib.

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, o, bu fikirləri Cənubi Koreyaya səfəri zamanı səsləndirib.

Makron vurğulayıb ki, belə bir ssenari heç vaxt Fransa və müttəfiqlərinin seçdiyi variant olmayıb. Onun sözlərinə görə, bu cür əməliyyat boğazdan keçən bütün gəmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sahildən edilə biləcək hücumlar və eyni zamanda ballistik raket zərbələri riski ilə üz-üzə qoyar.

Fransa prezidenti qeyd edib ki, mövcud vəziyyət hərbi eskalasiyadan daha çox diplomatik həll yollarını tələb edir. O, tərəfləri danışıqları bərpa etməyə və regionda sülh və sabitliyə qayıtmağa çağırıb.

Makron eyni zamanda beynəlxalq siyasi ritorikanı da tənqid edib. “Məncə, həddindən artıq çox danışıq var”, – deyə o bildirib. Onun sözlərinə görə, ciddi mövqe sərgiləyən tərəflər hər gün əvvəl dediklərinin əksini söyləməməlidir. Bu fikirlərin ABŞ prezidenti Donald Trampa ünvanlandığı ehtimal edilir.

Analitiklər hesab edirlər ki, Makronun bu açıqlaması Qərb daxilində İran məsələsinə yanaşmada fərqli mövqelərin mövcud olduğunu göstərir və diplomatik həll variantlarının aktuallığını ön plana çıxarır.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr