AZ

İrəvanın seçim qarşısında: Ya Bakı-Ankara, ya da Qərblə Rusiyanın geosiyasi qarşıdurmanın poliqonu

Moskva–İrəvan xəttində böhran dərinləşir. Paşinyanın Kreml səfəri seçkiqabağı “soyuq müharibə”nin yeni mərhələsindən xəbər verir.

“Paşinyanın Moskvaya son səfəri və Putinlə açıq polemika fonunda səslənən mesajlar göstərdi ki, Rusiya–Ermənistan münasibətləri artıq klassik müttəfiqlik formatından çıxaraq qarşılıqlı etimadsızlıq, iqtisadi təzyiq və seçkiqabağı geosiyasi təsir savaşına çevrilib. Moskva görüşündə Putinin həm iqtisadi rəqəmləri qabartması, həm də Ermənistandakı rusiyapərəst qüvvələrin seçkilərdə iştirakına “ümid” bildirməsi, faktiki olaraq Kremlin İrəvandakı daxili siyasi proseslərə açıq mesajı kimi oxunur”.

 Bunu Azreform.info -a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. 

Ticarət rəqəmləri Kremlin siyasi mesajına çevrildi
O bildirib ki, Putin Paşinyanla görüşdə Rusiya–Ermənistan ticarət dövriyyəsinin 2025-ci ildə 6,4 milyard dollar olduğunu xüsusi vurğuladı və bunu Azərbaycanla müqayisədə daha yüksək rəqəm kimi təqdim etdi. “Kremlin bu statistikanı qabartması təsadüfi deyil. Məqsəd İrəvana belə bir siyasi siqnal verməkdir: “Ermənistanın iqtisadi sabitliyi hələ də Rusiya bazarı, Aİİ məkanı və enerji güzəştlərindən asılıdır.” 
Burada reeksport faktorunun da rolunu unutmaq olmaz. Son illər Ermənistanın Rusiya ilə ticarət dövriyyəsində kəskin artımın mühüm hissəsi məhz sanksiyalar fonunda üçüncü ölkə mallarının Ermənistan üzərindən Rusiyaya yönləndirilməsi ilə bağlı idi. İndi isə bu axının zəifləməsi Moskvanın iqtisadi rıçaqlarını siyasi mesaj vasitəsinə çevirib.

Qaz qiyməti: Kremlin “siyasi endirimi”
Putinin Ermənistan üçün qazın 1000 kubmetrini 177,5 dollara, Avropada isə 600 dollardan yuxarı qiymətə satıldığını qabartması, əslində iqtisadi rəqəmdən çox siyasi xatırlatmadır”, - o vurğulayıb.
 Deputatin fikrincə, bu mesajın alt qatında belə bir məna var:
“Rusiya Ermənistanı hələ də subsidiyalaşdırır, amma İrəvan Qərbə yaxınlaşır. Yəni Moskva Paşinyana açıq şəkildə göstərir ki, Qərb inteqrasiyası emosional və siyasi dividend gətirsə də, real enerji təhlükəsizliyi hələ də Rusiyanın əlindədir.

Seçkilər yaxınlaşdıqca Kreml təzyiqi artır
İyun seçkiləri yaxınlaşdıqca Ermənistanda daxili gərginliyin artması Kreml üçün əlverişli fürsət yaradır. Putinin görüş zamanı rusiyapərəst siyasi qüvvələrin seçkilərdə iştirak etməsini arzuladığını deməsi, hətta bəzilərinin həbsdə olmasını xatırlatması artıq diplomatik çərçivədən çıxan mesaj idi. 

Bu, açıq şəkildə Ermənistanın daxili işlərinə siyasi müdaxilə təsiri bağışlayır.
Kreml seçki öncəsi Paşinyana iki istiqamətli təzyiq göstərir: Belə ki, Kreml Paşinyanın diqqətinə iqtisadi asılılığı xatırladır, rusiyapərəst elektoratı aktivləşdirir. Qərbə meyllənmənin risklərini qabardır, nəqliyyat və enerji kartlarını önə çəkir. Bu fonda Paşinyanın Moskva səfəri diplomatik görüşdən daha çox hesabat xarakterli siyasi dialoq təsiri bağışlayır”.

Ermənistan bu gün Rusiya–Qərb qarşıdurmasının “soyuq cəbhəsi”dir
Deputat əlavə edib ki, əgər Rusiya ilə Qərb arasında qaynar müharibə Ukraynada gedirsə, soyuq müharibənin ən həssas Cənubi Qafqaz cəbhəsi Ermənistandır:
“Qərb Paşinyanı demokratiya, Aİ inteqrasiyası, təhlükəsizlik əməkdaşlığı və ABŞ vasitəçiliyi ilə öz orbitinə çəkir. Moskva isə enerji, ticarət, dəmir yolu, Avrasiya İqtisadi  İttifaqı (Aİİ) bazarını, Ermənistandakı rusiyapərəst siyasi şəbəkələr üzərindən təsir imkanlarını qorumağa çalışır.
Qərbin digər ölkələrdə insan haqları və siyasi plüralizm mövzularında sərt mövqe sərgilədiyi halda, Ermənistanda seçkiqabağı gərginliyə daha yumşaq yanaşması da məhz bu geosiyasi maraq prizmasından qaynaqlanır.

Meğri, Zəngəzur və yeni regional reallıq
Nəqliyyat dəhlizləri məsələsində Moskva, Ankara, Bakı və Tehran arasında maraqlar kəsişsə də, amma bölgədə yeni reallıq dəyişməzdir: Cənubi Qafqazın əsas siyasi və logistik oyun qurucuları artıq Bakı və Ankaradır.

İrəvan anlamalıdır ki, yenidən hansısa güc mərkəzinin forpostuna çevrilmək Ermənistanı dövlət kimi daha da zəiflədir. Əgər Ermənistan blokadadan çıxmaq, iqtisadi inkişafı sürətləndirmək, regional layihələrə qoşulmaq. dünyaya inteqrasiyanı genişləndirmək  istəyirsə, bunun yolu Bakının şərtləri çərçivəsində yekun sülh müqaviləsini imzalamaqdan keçir.

Azərbaycanın müstəqil siyasi xətti fonunda Ermənistanın dilemması

Bütün bu proseslər fonunda Azərbaycanın fərqi ondan ibarətdir ki, Bakı heç bir güc mərkəzinin təsir alətinə çevrilmədən müstəqil, çoxvektorlu və milli maraqlara söykənən siyasət yürüdür.
Prezident İlham Əliyev bütün qlobal güc mərkəzləri ilə münasibətləri ölkənin maraqlarına uyğun şəkildə balanslaşdıraraq bölgədə söz sahibinin Bakı olduğunu təsdiqləyib.

Bu gün Ermənistanın dövlət kimi gələcəyi də məhz bu reallığı düzgün oxumasından asılıdır. İrəvanın inkişafı Moskva ilə Brüssel arasında tərəddüddə deyil, Bakı və Ankara ilə rasional regional əməkdaşlıq xəttindədir. Əks halda Ermənistan uzun illər daha bir geosiyasi qarşıdurmanın poliqonuna çevriləcək”.

Mürtəza

Seçilən
1
2
azreform.info

3Mənbələr