AZ

"Bu sindrom ilk dəfə olaraq Mübariz İbrahimovun atdığı addımlarla dəyişdi" - Fəzail İbrahimli

“Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunduqdan sonra ərazilərimizin 20 faizi uzun müddət işğal altında qaldı. Bu dövrdə Avropa, ATƏT və xristian dünyası müəyyən siyasət yürüdürdü. Məqsəd işğal nə qədər uzansa, azərbaycanlıları bu vəziyyətə alışdırmaq idi. Yəni belə bir fikir formalaşdırılmalı idi ki, məsələ artıq həll olunub, torpaqlar geri qayıtmayacaq. Azərbaycan buna alışmalı, yeni nəsillər bu vəziyyətlə razılaşmalı idi. Hətta bu yanaşmanın dövlət siyasəti səviyyəsində xalqa ötürülməsi nəzərdə tutulurdu ki, guya gücümüz çatmır və vəziyyət belədir”.

Bu barədə Redaktor.az-a Aprel Zəfərinin 10-cu ildönümü haqqında danışan deputat Fəzail İbrahimli bildirdi. Millət vəkili qeyd etdi ki, Azərbaycan xalqı bütün keşməkeşlərdən keçib, əzilib, amma üzülməyib:

"Xalqımız vuruşub, itki verib, amma məğlub olmayıb. Dövlətçiliyimizi tarixin ən qədim qatlarından bu günə qədər gətirib çıxara bilib. Bir haşiyə çıxım: 12 aylıq təqvimin 11 ayında bir məğlubiyyət, bir faciə var. 20 Yanvar faciəsindən başlayaraq 20 noyabr faciəsinə, vertolyot qəzasına qədər bu hadisələr davam edir. Yəni 12 ayın 11-də bu faciələr mövcuddur. Bu faciələrin səbəbi Azərbaycan xalqının zəifliyi, gücsüzlüyü və ya qorxaqlığı deyil, arxasında böyük güclərin dayandığı erməni faşistlərinin yeritdiyi siyasət və onların bir alət kimi istifadə olunmasıdır. Bu, böyük dövlətlərin siyasətinin nəticəsidir. Azərbaycan Cənubi Qafqazda yeganə müsəlman respublika idi. Buna görə də bu respublikaya qarşı Fransadan başlayaraq Avropaya qədər müəyyən mənada ögey münasibət mövcud idi. Ancaq bu sindrom ilk dəfə olaraq Mübariz İbrahimovun (Azərbaycanın Milli Qəhrəmanı - red.) atdığı addımlarla dəyişdi. Azərbaycan xalqı məğlub olsa da, bu gün də Azərbaycan övladının vətən uğrunda canından keçməyə hazır olduğu ideologiyası və düşüncəsi formalaşdı. Mübariz İbrahimovun bu addımı bütün Azərbaycan xalqında yeni ruh yaratdı. Xarici dairələrdə, xüsusilə xristian dünyasında belə bir fikir formalaşdı ki, bu millətin belə övladları varsa, onu məğlub etmək mümkün deyil".

Deputatın sözlərinə görə, müəyyən müddətdən sonra baş verən Aprel döyüşləri sanki böyük zəfərə aparan bir baş məşq oldu:

"Həmin döyüşlərdə Azərbaycan öz gücünü bir daha nümayiş etdirdi. Azərbaycan sübut etdi ki, işğalla barışmaq niyyətində deyil. Aprel döyüşləri nəticəsində xalqın yenilməzliyi, övladlarının qəhrəmanlığı, ordunun gücü, dövlət rəhbərinin qətiyyəti və xalqın birliyi bir daha öz təsdiqini tapdı. Həmin dövrdən etibarən cəmiyyət daxilində belə bir fikir formalaşdı ki, torpaqları işğaldan azad etməyin yeganə yolu qətiyyətli addımlar atmaqdır. Bu addım isə 2020-ci ilin sentyabrında atıldı və torpaqların azad olunması uğrunda mübarizə başlandı, müharibə başladı. Nəhayət, 44 gün ərzində tarixdə analoqu olmayan bir hadisə baş verdi. Bu, təkcə hərbi qələbə deyildi. Bu qələbə təkcə erməni millətçiləri və faşistləri üzərində deyil, eyni zamanda “Böyük Ermənistan” ideologiyası üzərində qazanılan qələbə idi. Bu ideologiya yarandığı gündən etibarən addım-addım genişlənmiş, İrəvanı paytaxt etmiş, dövlət qurmuş və XX əsrin sonunda torpaq əldə etmişdi. Lakin 200 il ərzində formalaşan və zorla əldə edilən bu ideologiyanın bütün ümidləri puça çıxdı, gələcək nəsillər üçün bu ideologiyaya inam sarsıldı. Nəticədə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bu gün müstəqil Azərbaycan mövcuddur. Aprel döyüşlərində həlak olan hər bir şəxsə Allah rəhmət eləsin, ruhları şad olsun. Bu gün Azərbaycan müstəqil dövlət kimi mövcuddur, öz idarəetməsi var, dünya dövlətləri arasında layiqli yeri var, qətiyyətli rəhbəri və mütəşəkkil xalqı var".

Nuriyyə NATİQQIZI

Seçilən
47
redaktor.az

1Mənbələr