AZ

Bəhruz Məhərrəmov: Moskva görüşündə qarşılıqlı eyhamlar müzakirələri siyasi dialoqdan daha çox siyasi duel ə çevirdi

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Vladimir Putin və Nikol Paşinyanın Moskva görüşü göstərdi ki, Rusiya-Qərb qarşıdurması yalnız Ukrayna üzərində deyil, həm də Cənubi Qafqazda, xüsusən Ermənistanda ciddi təsir göstərir. Ermənistan müstəqilliyini qorumaq və Rusiya təsirindən qismən azad olmaq istəyir, amma iqtisadi və siyasi bağlılıq hələ də Moskvaya üstünlük verir. Görüş zamanı dialoqdan çox "siyasi duel" müşahidə olundu. Ermənistan rəhbərliyi suverenliyini qorumaq və Qərblə əməkdaşlıq yolunu seçməklə həm daxili, həm də regional balansı təmin etməyə çalışır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vladimir Putin və Nikol Paşinyanın Moskva görüşü Qərblə Rusiya arasında qarşıdurmanın yalnız Rusiya-Ukrayna coğrafiyasında deyil, həm də Cənubi Qafqazda, konkret desək, Ermənistanda daha da gərginləşdiyini göstərməkdədir: “Ukrayna cəbhəsindən fərqli olaraq Ermənistanda mübarizə soyuq müharibə formatında davam edir və geosiyasi proseslərin gedişi, o cümlədən Ermənistanda daxili siyasi proseslər, həmçinin qarşıdan gələn seçkilər situasiyanı daha da ağırlaşdırır. Düzdür, Rusiya və Ermənistan liderlərinin son görüşü daha çox əlaqələrin yeni zəminə müvafiq şəkildə tənzimlənməsi xarakteri daşısa da, qarşılıqlı eyhamlar bu müzakirələri siyasi dialoqdan daha çox "siyasi duel"ə çevirdi. Görünən odur ki, Ermənistan bütövlükdə Rusiya təsirlərindən qurtulmaq, lakin eyni zamanda bu prosesin daha ağrısız formada realizəsinə nail olmaq niyyətindədir. Öz növbəsində Rusiya isə Cənubi Qafqazda, daha konkret desək, Ermənistanda mövqelərini itirməmək üçün bütün rıçaqlarını işə salacağını gizlətmir”.

Deputatın fikrincə, Ermənistan iqtisadiyyatında Rusiyanın hələ də çox ciddi rola malik olması, eyni zamanda bir sıra istiqamətlərdə iqtisadi proqnozların Rusiya ilə əməkdaşlıq formatına söykənməsi, o cümlədən Ermənistanda Moskvanın ciddi siyasi təsir imkanlarının hələ də mövcudluğu, təbii ki, bu mübarizədə İrəvanın mövqelərini xeyli zəiflədir: “Əvvəlki dövrlərdən fərqli olaraq Ermənistanın müharibə şəraitində olmaması və Rusiyanın, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının himayəsinə ehtiyac duyulmaması Paşinyana sələflərindən çox daha müstəqil davranmağa imkanı verir. Yəni görünən odur ki, Azərbaycanla müharibə və Azərbaycan torpaqlarının işğalı əslində Ermənistanın suverenliyi üçün təhdid yaradan rıçaq kimi çıxış edib. Azərbaycanın hərbi-siyasi qələbəsi və Ermənistanla münasibətlərin tənzimlənməsi istiqamətində atılan addımlar bu mənada Ermənistanın müstəqilliyi və suverenliyi istiqamətində son 35 ildə qət olunan ən effektiv mərhələ sayıla bilər. Təbii ki, yeni şərait Ermənistan rəhbərliyinə daha qətiyyətli davranmağa imkan verib və bu, Rusiya tərəfindən sakit qarşılana bilməzdi, bu mənada, Prezident Putinin dünənki görüşdə Ermənistanda Rusiya meyilli şəxslərin, daha doğrusu, Rusiya pasportu daşıyan şəxslərin həbsdə olması ilə bağlı vurduğu eyham əslində seçkilərdə rəsmi Moskvanın tutacağı mövqenin indidən rəsmən bəyanı hesab edilə bilər”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Ermənistanın Baş nazirinin "Qarabağ hərəkatına son qoyulmalıdır" kimi bəyanatı isə öz növbəsində Rusiyanın Ermənistandakı əsas dayaqlarından olan revanşist dairələrlə bağlı barışmaz mövqeyi davam etdirməklə, Moskvanın Ermənistan üzərindəki təsirlərinin azaldılması istiqamətində addımlarında israrlı olacağını göstərdi: “Görünən odur ki, formal müstəqillik qazandıqdan sonrakı dövrdə Ermənistanın öz güc və imkanlarına deyil, Rusiyaya güvənməsi, sonrakı dövrlərdə isə Qərblə birgə hərəkət yolunu seçməsi uzun bir dövr ərzində bu ölkəyə müstəqil davranmaq imkanı vermədiyi üçün hazırda Ermənistan Qərb və Rusiya arasında əsas siyasi qırılma nöqtəsinə çevrilib. Bu isə bir daha sübut edir ki, milli iradəyə əsaslanmadan hansısa formada geosiyasi balansın qorunması mümkün deyil və bu istiqamətdə cənab İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu qlobal miqyasda nüfuzun qorunması və bərabərhüquqlu yanaşmanın təmin olunması üçün ən effektiv nümunədir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
3
icma.az

4Mənbələr