AZ

1 aprel Paşinyan üçün GÜLÜŞ GÜNÜ idi, yoxsa... Moskva səfərinə SÖZARDI

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Moskvada baş tutan dialoq gərginliklərlə yadda qaldı. Görünən odur ki, regionda onsuz da kövrək olan siyasi balans bundan sonra daha da sərtləşəcək.

Tərəflər arasında müşahidə olunan gərgin ton və qarşılıqlı narazılıq fonunda artıq Kreml-İrəvan münasibətlərinin daha mürəkkəb fazaya keçdiyi qənaəti yaranır.

Bu ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda bu gərginliyin təsadüfi olmadığı ehtimalı durmadan güclənir. Kreml üçün Cənubi Qafqazda etibarlı tərəfdaş məsələsi hər zamankından daha aktualdır və bu baxımdan Paşinyanın alternativlərinin, xüsusilə, sabiq prezident Robert Köçəryan və ya iş adamı Karen Karapetyan kimi fiqurların önə çıxarılması ehtimalı müzakirə olunur. Bu isə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarilərini yenidən gündəmə gətirir.

Kreml doğrudanmı Paşinyanın üzərindən xətt çəkir? Rusiya seçkilərdə hansı namizədə üstünlük verə bilər? Bu proseslər fonunda Paşinyanı hansı siyasi gələcək gözləyir?

Asif

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini istəsə də, praktiki olaraq, buna nail olub-olmayacağı, yaxud belə imkanlarının nə qədər qaldığı sual altındadır:

“Birincisi, Ermənistan cəmiyyətində Paşinyanın reytinqi, hətta nə qədər geriləmə olsa belə, hələ də opponentlərindən üstündür. 44 günlük müharibədən sonra Paşinyan komandasının yenidən seçilməsi də göstərdi ki, erməni seçicilər yeni müharibə istəmirlər. Hazırda hakimiyyətin əsas kampaniyası da məhz sülh və müharibə arasında seçim üzərində qurulub ki, fikrimcə, bu, seçkilərə təsir edəcək amildir. İkincisi, Paşinyanın alternativləri Köçəryan timsalında revanşistlərdir, hətta “yeni qüvvə” kimi ortaya çıxan Samvel Karapetyan belə Azərbaycanla sülh məsələsini yenidən nəzərdən keçirmək istədiklərini gizlətməyib. Bu, erməni cəmiyyətini narahat edən məqamdır. Ermənilərin keçmiş klana və onların davamçılarına, eləcə də müharibə tərəfdarlarına səs verəcəyi ehtimalı azdır. Bu reallığı Kremldə də anlayırlar. Onu da anlayırlar ki, Ermənistan hakimiyyətinə qarşı açıq cəbhə alacaqları təqdirdə, Paşinyan Rusiyanı tamamilə ölkədən çıxarmaq üçün bundan fürsət kimi istifadə edə bilər. Buna görə Rusiyanın taktikası fərqli görünür: Moskva bir tərəfdən mövcud imkanlarını saxlamaq, gələcəkdə də maraqlarının təmin edilməsinə nail olmaq üçün Paşinyanla işləyir, digər tərəfdən, onun rəqiblərini dəstəkləyərək, mümkün dəyişiklik ssenarilərini hazırlayırlar. Lakin dəyişiklik real olmayacağı təqdirdə Rusiyanın Paşinyana qarşı açıq cəbhə alacağı ehtimalı zəif görünür. Moskva seçkilərdə dəstəklədiyi qüvvələrin parlamentdə daha çox təmsilçilik əldə etməsinə, hakimiyyətə qarşı siyasi rıçaqlarını gücləndirməyə çalışır”.

Cavanşir ABBASLI,
Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr