Müsəlman ölkələri gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb...
Müsəlman əhalinin üstünlük təşkil etdiyi səkkiz ölkə İsrail tərəfindən qəbul edilən və hərbi məhkəmələr tərəfindən ölümcül hücumlarda təqsirli bilinən fələstinlilər üçün əsas cəza kimi edamı nəzərdə tutan yeni qanunu kəskin şəkildə qınayıb.
Poliqon xəbər verir ki, bu barədə Pakistan tərəfindən cümə axşamı yayılan birgə bəyanatda bildirilib.
Birgə bəyanata imza atan Pakistan, Türkiyə, Misir, İndoneziya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qeyd ediblər ki, bu cür qanunvericilik təşəbbüsləri regionda onsuz da yüksək olan gərginliyi daha da artırmaq riski daşıyır.
Sənəddə həmçinin tərəflərə çağırış edilərək vurğulanıb ki, vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinmək zəruridir. Dövlətlər bu kimi qərarların humanitar və hüquqi nəticələrinin ciddi şəkildə nəzərə alınmasının vacibliyini də qeyd ediblər.
Ekspertlər hesab edirlər ki, bu bəyanat regionda diplomatik təzyiqlərin artdığını göstərir və Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik mühitini daha da həssas vəziyyətə gətirə bilər. Eyni zamanda, beynəlxalq ictimaiyyətin bu məsələyə reaksiyasının artacağı gözlənilir.
Poliqon.info