Dördqat dünya çempionu İtaliyanın Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq ardıcıl 3-cü dəfə dünya çempionatından kənarda qalması ölkədə az qala faciə kimi qəbul edilib. Xatırladaq ki, italyanlar 2018-də Rusiya və 2022-də Qətərdə keçirilən mundialdan da kənar qalmışdılar. Ondan əvvəlki iki mundialda isə ''skuadra adzurra'' mübarizəni qrup mərhələsində dayandırmalı olmuşdu. İtaliya dünya çempionluğunu qazanmış ölkələr arasında ardıcıl 3 il mundialdan kənar qalan ilk komanda kimi futbol tarixinə düşüb! Seçmə mərhələnin gedişində baş məşqçi postuna gəlişi böyük müzakirələrə səbəb olan, nəticələri ümumilikdə pis olmasa da qarşıya qoyulan hədəfə çata bilməyən Cennaro Qattuzo oyundan sonra bunları deyib: ''İndi mənim gələcəyim önəmli deyil. Başımıza gələnlər çox üzücü və acı vericidi. Həm özümüzə, həm də bütün İtaliyaya görə mundiala vəsiqəyə çox ehtiyacımız var idi. Bu durumla barışmaq çətindi. Hədəfə çata bilmək üçün hətta gələcəyimdən və pullarımdan da vaz keçməyə razı idim''. İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina həm Qattuzonun, həm də komandanın direktoru Canluici Buffonun vəzifələrində qalmalarının tərəfdarı olduğunu deyib. Özünün isə istefa vermək niyyətində olmadığını bildirib. Amma onun gələcəyi böyük sual altındadı. Bunu İtaliyanın idman naziri Andrea Abodinin sərt açıqlamalarından da anlamaq olar: ''Ardıcıl 3 dəfə dünya çempionatına qatılmamaq əsil faciədi. Bu, sıradan bir gün deyil. Hər kəs üzərindəki məsuliyyəti dərk etməlidi. Federasiyadan istefa ilə bağlı daha konkret mövqe gözləyirəm. DÇ-2014-dəki uğursuzluqdan sonra Abete qürurlu davrandı. Rəhmətlik Tavekkio da İsveç ilə pley-off matçından sonra eyni şeyi edərək istefa verdi. Real addımlar görməsəm, parlament ilə birlikdə qərarları özüm qəbul etmək məcburiyyətində qala bilərəm. Heç nə olmamış kimi davrana bilmərik. Bəzi şeyləri dəyişməli və artıq əvvəlki səhvləri təkrarlamamağa çalışmalıyıq''. İtaliya futbolunun önəmli simalarından olan Fabio Kapello da məyusluqlğunu gizlədə bilməyib: ''Belə bir keçmişə və nüfuza malik olan bir komanda üçün bu, qəbuledilməz bir durumdu. Bütün gecə gözümə yuxu getmədi. Hələ də buna inana bilmirəm. Bu, faciə və utancdı. Ardıcıl 3 il mundialdan kənar qalmaq İtaliya futbolunun yaxın keçmişdə başına gəlmiş ən pis şeylərdən biridi''.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta