AZ

Keçmiş nazirdən şok açıqlama: “Bunlar hamısı oyundur”

“Əslində Ermənistanın Baş naziri Nikol Paşinyanın fəaliyyəti Moskvanı qane edir. Sadəcə olaraq, böhranlı vəziyyət olduğunu göstərmək üçün, hər iki tərəf bir sıra oyunlar oynayır”.

Bunu “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, aprelin 1-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə N.Paşinyan arasında keçirilən görüş sadəcə gözdən pərdə asmaq üçündür:

“Ermənistan rəhbərliyi Moskva üçün vacib olan məsələlərdə, həmişə ruspərəst mövqe sərgiləyir. Ermənistanda Rusiyanın hərbi mövcudluğunda heç bir dəyişiklik baş verməyib. Rusiyanın bu ölkədə 2 hərbi bazası var. Digər tərəfdən, Ermənistanda olan hava hücumundan müdafiə sistemi birbaşa Moskvadan idarə olunur. Demək olar ki, dəyişən heç nə yoxdur. İrəvan Rusiyanın sanksiyalardan yayınması üçün əlverişli kanallardan biridir. Real yanaşsaq, Moskvanın Ermənistana dəstəyi qismən azalıb. Paşinyan bunu Qərb mənbələrindən təmin etmək üçün addımlar atır. Bunun üçün də özünü qərbpərəst kimi göstərmək istəyir”.

Politoloq vurğulayıb ki, N.Paşinyan keçirdiyi bütün görüşlərlə bağlı birbaşa V.Putinə məruzə edir:

“İndidən birmənalı şəkildə deyə bilərik ki, Paşinyan yenidən baş nazir seçiləcək. Bəllidir ki, Azərbaycana qarşı hər hansısa revanşdan söhbət gedə bilməz. Buna nə Rusiyanın, nə də Ermənistanın imkanları var. Samvel Karapetiyanın azadlığa buraxılması məsələsinə gəlincə, hamı başa düşür ki, Ermənistanda Rusiyapərəst qüvvələr hazırda populiyar deyil. Sadəcə elə bir görüntü yaratmaq istəyirlər ki, guya Rusiya Paşinyanın hansısa rəqibini dəstəkləyir. Bu, sadəcə bir teatrdır. Paşinyan özü də Putinə dedi ki, Vaşinqtondan gələn kimi sizə zəng etmişəm. Hər şey bəllidir. Hər görüşdən sonra Paşinyan Moskvaya raport verir. Reallıq açıq şəkildə görünür”.

Qeyd edək ki, N.Paşinyan aprelin 1-də Rusiyaya səfər edib. O, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüş regionun iqtisadi və siyasi gələcəyi baxımından mühüm bəyanatlarla yadda qalıb. Liderlər iki ölkə arasındakı mövcud münasibətləri və Ermənistanın xarici siyasət kursundakı yeni meyilləri müzakirə ediblər.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr