AZ

Deputat Azər Badamov: Paşinyanla Putin arasında keçirilən görüş münasibətləri düzəltmədi, amma idarə olunan gərginlik vəziyyətini qorudu

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Bu gün Rusiya ilə Ermənistan hakimiyyəti arasındakı münasibətlərə heç də "yaxşı vəziyyətdədir" demək olmaz. Görünən odur ki, onlar artıq "mehriban düşmən"ə çevriliblər. Həm də Rusiya seçkiqabağı Ermənistanda öz istəklərini tətbiq etməyə çalışır. Ona görə də Nikol Paşinyan Moskvaya dəvət olundu və Vladimir Putinlə görüş keçirildi. Bu baxımdan Paşinyanın Moskvaya səfərinin həm də Ermənistanda keçiriləcək parlament seçkilərində Rusiyanın təsirini neytrallaşdırmaq məqsədi daşıdığını desək, yanılmarıq”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb. Deputat hesab edir ki, Prezident Vladimir Putin Baş nazir Nikol Paşinyanı məsafəli və soyuq qəbul etdi, yəni səmimiyyət çox aşağı görünürdü: “Putin Paşinyana bir çox məsələləri xatırladaraq, Ermənistanda seçkiqabağı mühitin gərgin olduğunu, o cümlədən Rusiya pasportu olan və Rusiya yönümlü şəxslərin də seçkidə iştirakı üçün şəraitin yaradılmalı olduğunu bildirdi. Paşinyan isə Ermənistanda bütün seçkilərin çox demokratik keçirildiyini və Konstitusiyaya görə parlament seçkilərində ancaq Ermənistan pasportu olan vətəndaşların iştirak edə biləcəyini deməklə məsələyə nöqtə qoydu”.

Azər Badamov qeyd edib ki, Rusiyanın dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin 2024-cü ildə 11,2 milyard dolları keçdiyini və bu rəqəmin qonşusu Azərbaycanla olan ticarət dövriyyəsindən 3 dəfə çox olduğunu bildirərək, 2025-ci ildə bu dövriyyənin 6,5 milyard dollara endiyini xatırlatdı və bu dövriyyənin əsasən Ermənistandan idxal olunan kənd təsərrüfatı malları olduğunu yada salmaqla Aİ və Aİİ-də eyni vaxtda olmağın mümkünsüzlüyünü vurğuladı: “Həm də Rusiyanın Ermənistana qazı Avropada qiyməti 600 dollardan yuxarı olduğu halda 177,5 dollara satdığını deməsi lazım gələrsə iqtisadi təsir imkanlarını işə salacağı ilə bağlı mesaj verdi. Yəni Ermənistanın Rusiyadan asılı olduğunu diqqətə çatdırdı. Paşinyan isə həm Aİ, həm də Aİİ ilə əməkdaşlıq etməsinin hələlik mümkün olduğunu və lazım gələn vaxt Ermənistan vətəndaşlarının hansı ittifaqda olacağı ilə bağlı qərar verəcəyini bildirməsi iki ölkə arasında ortaq fikrin formalaşmadığını göstərdi”.

Deputat bildirib ki, Putin Qarabağ məsələsini yenidən ortaya ataraq Praqada Qarabağın Azərbaycanın suveren ərazisi kimi tanınmasının günahını Paşinyanın üzərinə atmağa çalışsa da, Paşinyan bu addımı atmazdan əvvəl Putinlə iki dəfə məsləhətləşmələr apardığını yada saldı, həm də Qarabağla bağlı məsələnin birdəfəlik bağlandığını və Azərbaycanla münasibətlərin inkişaf etməsi sayəsində müstəqillik dövründə ilk dəfə olaraq Rusiya ilə dəmir yolu əlaqəsinin yaranmasına yol açdığını diqqətə çatdırdı.

“Ermənistanla Rusiya bir-birini "buraxmaq istəmirlər", amma Rusiya Paşinyanın Ermənistanda yenidən seçilməyini görmək istəmir. Yəni Paşinyanın Putinlə keçirilən görüşdən Rusiyanın öz imkanlarını işə salmaqda israrlı olduğu və seçkilərin çox gərgin keçəcəyinin göründüyü ortaya çıxır. Paşinyan hələlik Rusiyaya "dostuq" deyərək öz işini görür. Sonda isə Paşinyan Rusiya ilə münasibətlərin çoxlu sınaqlardan keçdiyini və ikitərəfli münasibətlərin etibarlı tərəfdaşlıq səviyyəsində qalacağını bildirərək, qarşıdan gələn seçkilərdə Ermənistanda hökumətin daha da möhkəmlənəcəyini diqqətə çatdırması "müdaxilə etməmək" xəbərdarlığı sayıla bilər. Bu görüş Ermənistanla Rusiya arasında münasibətləri düzəltmədi, amma idarə olunan gərginlik vəziyyətini qorudu. Həm də seçkilər yaxınlaşdıqca Rusiya faktorunun daha da ön plana çıxacağını göstərdi”, – deyə Azər Badamov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
50
bizimyol.info

10Mənbələr