Susuzluq beynin həcmini kiçildə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Tibb sahəsində araşdırmalar” məlumat yayıb.
Mütəxəssislər orqanizmdə su çatışmazlığının (susuzlaşma) beyin funksiyalarına və ümumi sağlamlığa ciddi təsir göstərdiyini açıqlayıblar.
Məlum olub ki, susuzluq beynin həcmini 0,5 faizdən çox kiçildə bilər və bu, tez-tez müşahidə olunan baş ağrılarının əsas səbəblərindən biridir.
Sağlamlığı qorumaq üçün sidiyin rənginin açıq sarı olması vacibdir ki, bu da orqanizmin kifayət qədər su ilə təmin olunduğunu göstərir.
Bundan əlavə, MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən əvvəl su içmək tövsiyə edilir.
Belə ki, susuzluqla bağlı beyin həcmindəki kiçilmələr MRT-də beynin atrofiya (kiçilmə) dərəcəsinin yanlış qiymətləndirilməsinə səbəb ola bilər, bu isə qocalmanın əsas biomarkerlərindən biri hesab olunur.
Mütəxəssislər, həmçinin susuzlaşmanın TMS (Transkranial Maqnit Stimulyasiyası) müdaxilələrinin effektivliyinə də mənfi təsir göstərə biləcəyini vurğulayırlar.

Xuraman Etibarlı
İnterpress.az