AZ

Hərbi ekspert: Aprel döyüşlərində əldə olunan qələbə Azərbaycan əsgərinə qələbə ruhu aşıladı

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan tarixində mühüm hərbi-siyasi mərhələ kimi yadda qalan, Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən 2016-cı il aprel döyüşlərindən 10 il ötür.

1994-cü il atəşkəsindən sonra ən şiddətli toqquşmalar hesab olunan Aprel döyüşləri Ermənistanın davamlı təxribatları nəticəsində baş verdi. 2016-cı ilin mart ayının ortalarından başlayaraq cəbhəboyu gərginliyin artması, aprelin 1-dən 2-nə keçən gecə isə Azərbaycan mövqelərinin və yaşayış məntəqələrinin intensiv atəşə tutulması vəziyyəti kəskinləşdirdi. Buna cavab olaraq Azərbaycan Ordusu qısa müddətdə əks-həmlə əməliyyatına başlayaraq mühüm strateji üstünlük əldə etdi.

Döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və digər vacib mövqelər düşməndən azad olundu, 2 min hektardan artıq ərazi nəzarətə götürüldü. Bu, uzun illər dəyişməz kimi təqdim olunan status-kvonun ilk dəfə real şəkildə sarsıldığını göstərdi.

Mövzu ilə bağlı AZƏRTAC-a acıqlamasında hərbi ekspert Ədələt Verdiyev bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun müasir döyüş qabiliyyətini, operativ qərarvermə imkanlarını və koordinasiyalı fəaliyyətini nümayiş etdirdi. Qısa müddətdə əldə edilən nəticələr göstərdi ki, Azərbaycan Ordusu yalnız müdafiə deyil, hücum əməliyyatlarını da uğurla həyata keçirmək potensialına malikdir: “Məhz bu döyüşlər nəticəsində Azərbaycan Ordusu düşmənin mənəvi-psixoloji səviyyəsini minimuma endirdi, onu ağır məğlubiyyətə məruz qoydu. Bu döyüşlər nəticəsində Azərbaycan uzun illər fasilədən sonra yalnız müdafiədə deyil, həm də hücum əməliyyatlarında geniş imkanlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirdi”.

Aprel döyüşlərində əldə olunan qələbə Azərbaycan əsgərinin psixologiyasına müsbət təsir etdi, ona qələbə ruhu aşıladı. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında aşılmayacaq, keçilməyəcək düşmən səddi yoxdur.

Ə.Verdiyev onu da qeyd edib ki, işğal altında olan ərazilərin ümumi miqyası ilə müqayisədə aprel döyüşlərində əldə olunan ərazilər böyük hesab olunmaya bilər. “Lakin bu yüksəkliklərin azad olunması Vətən müharibəsi zamanı, xüsusilə şimal istiqamətindən döyüş əməliyyatlarının başlanması üçün bir plasdarm kimi istifadə olundu”, – deyə o bildirib.

Aprel döyüşləri dövlət–xalq–ordu birliyini daha da gücləndirdi və “dəmir yumruq”un formalaşmasında mühüm əhəmiyyət kəsb etdi.

“Aprel döyüşləri Ermənistanın uzun onilliklər boyu yaratdığı mifləri, xüsusilə ‘keçilməz Ohanyan səddi’, ‘məğlubedilməz erməni ordusu’, ‘qəhrəman erməni sərkərdələri’ kimi mifləri tamamilə darmadağın etdi. Bu döyüşlər Azərbaycan üçün yalnız hərbi uğur deyil, həm də psixoloji, strateji və milli birlik baxımından mühüm dönüş nöqtəsi kimi tarixə düşdü”, - deyə Ə.Verdiyev bildirib.

Müxbir - Səbinə Əlizadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
azertag.az

2Mənbələr