AZ

Türk Xalqları Konqresinin prezidenti: TDT regional sabitliyin mühüm amilidir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

“Türk Xalqları Konqresi” Beynəlxalq İctimai Birliyinin prezidenti Edil Marlis uulu Qırğızıstanın “Kabar” agentliyinə verdiyi açıqlamada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının çətin beynəlxalq vəziyyət kontekstində Azərbaycanda keçirdikləri görüşün əhəmiyyətini qeyd edib. O, obyektiv çətinliklərə baxmayaraq, sülh və qarşılıqlı inkişaf prinsiplərinə sadiq qalan təşkilatın yüksək səviyyədə iqtisadi tərəfdaşlığı qoruyub saxlaya bildiyini vurğulayıb.

Birliyin prezidenti əlavə edib: “Vurğulamaq istəyirəm ki, Türk Dövlətləri Təşkilatı hazırda mühüm sabitləşdirici rol oynayır. Yeni logistika marşrutları quran, nəqliyyat əlaqəsini yaxşılaşdıran və qarşılıqlı ticarətin həcmini artıran TDT ortaq məkanımızı gücləndirir. Yaxın Şərqdəki vəziyyəti nəzərə alsaq, bu, xüsusilə vacibdir. Yükdaşımalarının artırılmasını təmin etmək üçün alternativ marşrutlara ehtiyacımız var”.

O diqqətə çatdırıb ki, İrandan keçən və Mərkəzi Asiya ölkələri ilə Türkiyəni birləşdirən quru dəhlizi hərbi əməliyyatlar səbəbindən potensial olaraq təhlükəli hala gəlib. “Lakin indi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu bizim üçün əlverişli bir seçimdir və bu, bizə dövlətlərarası ticarət həcmini kifayət qədər yüksək vəziyyətdə saxlamağa, onu daha da genişlənmə potensialına çatdırmağa imkan verir”, -deyə “Türk Xalqları Konqresi” Beynəlxalq İctimai Birliyinin prezidenti vurğulayıb.

Bu məsələlər fonunda TDT-yə üzv dövlətlərin hökumət başçılarının Bakıda keçirilən görüşünün əhəmiyyətinə toxunan Edil Marlis uulu qeyd edib: “Azərbaycanda keçirilən sammitdə ticarət, nəqliyyat və logistika sahələrində müzakirə olunan layihələr tərəfdaş ölkələrin iqtisadi dayanıqlığını artırmaq baxımından çox vacibdir. Eyni zamanda, bu, hazırkı beynəlxalq vəziyyətdə Mərkəzi Asiya, eləcə də Qafqaz, Xəzər və Qara dəniz regionları ölkələri üçün sabitliyin mühüm amilidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
azertag.az

2Mənbələr