AZ

Ucuz neft erası başa çatır?

“Yaxın Şərqdəki münaqişə səbəbindən dünya bazarına gündəlik neft tədarükü 12 milyon barel azalıb”. 

Bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol deyib.

Onun sözlərinə görə, aprel ayının sonuna qədər itkilər ikiqat arta bilər: 

"Hazırda 12 milyon barel gündəlik itiririk ki, bu da əvvəlki iki neft böhranının cəmindən çoxdur. BEA ölkələrinin neft ehtiyatlarından istifadə üçün gördüyü tədbirlər vacibdir, lakin bu gün ən vacib vəzifə Hörmüz boğazının açılması olmalıdır”. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran müharibəsini nə vaxt başa çatdıracaqları ilə bağlı suala cavab olaraq “Düşünürəm ki, iki və ya üç həftə ərzində. Sonra isə oradan çəkiləcəyik”, - deyib. 

O, ABŞ-nin Hörmüz boğazı ilə heç bir əlaqəsinin olmadığını və bu boğazdan keçən neftə ehtiyacı olan ölkələrin məsələ ilə bağlı özlərinin addım atmalı olduqlarını bildirib. 

Onu da qeyd edək ki, bu gün baş verən proseslərlə əlaqədar bir sıra ölkələrdə neft mənbələri təzyiqlərə məruz qalıb. 

Neft mənbələrinin vurulması ilə bağlı ucuz neft erası başa çata bilərmi? Neftin hazırkı qiymətləri Azərbaycan bazarı üçün nə dərəcədə məqbuldur? 

Məsələ ilə bağlı iqtsadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, neftin qiymətini həftəlik, aylıq qiymətləndirmək doğru deyil: 

“Mart, aprel aylarında neftin qiyməti bahadır. Ancaq müharibə bitərsə, məsələn, yəni iyul, avqust ayına qədər qiymətlər yenidən 60-70 dollara da düşə bilər. Biz ortaillik qiymətə baxsaq, daha doğru olar”.

Ekspert qeyd edib ki, bu il üçün neft çox ucuz olmayacaq:

“Ancaq müharibə bitdikdən və logistika bərpa olunduqdan, Venesuela nefti bazara çıxdıqdan, İran üzərindən sanksiya götürüldükdən və onların nefti bazara çıxdıqdan sonra gələn il neftin qiymətində daha kəskin ucuzlaşma görə bilərik. 

Azərbaycan neftdən gəlir əldə edir və bahalaşması sərfəlidir. Digər tərəfdən də Azərbaycan idxal ölkəsi olduğuna görə, yəni daha çox məhsulları idxal etdiyimiz üçün xaricdən gələn məhsullar da bahalaşır”. 

Seçilən
46
1
cebheinfo.az

2Mənbələr