"Liverpul"un canlı əfsanəsi Stiven Cerrard İngiltərə nəhənginin baş məşqçisi Arne Slotu mümkün əvəzləməsi barədə danışıb.
Fanat.Az xəbər verir ki, "The Overlap" "qırmızılar"ın sabiq kapitanı və yarımmüdafiəçisinin sözlərini belə çatdırıb:
"Komandanın 2025/26 mövsümündəki çıxışı və nəticələri məyusedicidir və Slot haqlı olaraq tənqid hədəfinindədir. Amma meydanda və meydandan kənarda bir sıra amillərə baxsanız, "Liverpul"un ona daha çox vaxt vermək istəməsinə təəccüblənmirəm.
O ki qaldı həyatımın hansısa mərhələsində "Liverpul"u çalışdırmaq istəyib-istəməməyimə, əlbəttə, bu, bir şirin xəyaldır. İndi hazırammı? Hələ bilmirəm. Yəqin ki, yox. Premyer Liqanı qazanmağın nə qədər çətin olduğunu planetdəki hər kəsdən daha yaxşı başa düşürəm. Slot gəldi və bunu ilk mövsümündə reallaşdırdı. Düşünürəm ki, liqanı qazanan məşqçi, yaşadığı problemlərdən və çətinliklərdən qurtulmaq üçün ən azı bir mövsüm keçirməyə layiqdir".
Qeyd edək ki, mersisaydlılar 31 oyundan sonra 49 xalla Premyer Liqanın turnir cədvəlində beşinci yerdədirlər. "Liverpul" həmçinin Çempionlar Liqasında mübarizəni davam etdirir və onlar 1/4 finalda PSJ ilə (8 və 14 aprel) qarşılaşacaqlar.
Cerrard demək olar ki, bütün futbolçu karyerasını "Liverpul"a həsr edib. Keçmiş yarımmüdafiəçi 2015-ci ilin iyul ayına qədər sözügedən komandada oynayıb, 710 matça çıxıb (186 qol və 156 məhsuldar ötürmə). O, həmçinin İngiltərə millisində 114 oyun keçirib.
Stiven Cerrard son olaraq "Əl-İttifaq"ı çalışdırıb.