AZ

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

Moldova parlamenti ikinci və son oxunuşda MDB-nin Quruluş Sazişini və Birlik Xartiyasını ləğv edən qanunlar qəbul edib.

Cümə axşamı günü hakim “Fəaliyyət və Həmrəylik” və “Evdə demokratiya”  partiyalarını təmsil edən 101 millət vəkilindən 60-ı, habelə keçmiş Baş nazir İon Kiku (Alternativ fraksiyasından) bu qərarların lehinə səs verib.

Kommunist Partiyası və Sosialist Partiyasından olan millət vəkilləri sazişlərin ləğvinə qarşı səs veriblər. Onlar bildiriblər ki, "Moldovanın MDB-dən çıxması ölkə iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacaq".

Bu sazişlərin ləğvi Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb və o, iddia edir ki, MDB-nin fundamental dəyərlərinə və prinsiplərinə hazırda qurumun bəzi üzvləri tərəfindən hörmət edilmir. "Bundan əlavə, MDB sazişinin ləğvi Avropa İttifaqına qoşulmaq məqsədinə çatmaq üçün təbii və qaçılmaz bir addımdır", - deyə Xarici İşlər Nazirliyi qeyd edib.

Hazırda Moldova 283 MDB sazişindən 71-ni ləğv edib və təxminən 60-nı nəzərdən keçirilir. Parlament bunu milli siyasətlərin və ölkənin qanunvericilik və iqtisadi çərçivəsinin modernləşdirilməsinin Aİ standartlarına və normalarına uyğunlaşdırılması üçün zəruri addım kimi izah edir.

Moldova Prezidenti parlament qanunlarını imzaladıqdan sonra Xarici İşlər Nazirliyi bütün sənədləri MDB İcraiyyə Komitəsinə göndərəcək və Vyana Konvensiyasına uyğun olaraq Birlikdən çıxma prosesi 12 ay sonra başa çatacaq.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr