AZ

NATO-nun Ankara sammiti yeni fəaliyyət istiqamətlərini müəyyən edəcək – ANALİTİKA

Ankara, 2 aprel, AZƏRTAC

Türkiyədə NATO dövlət və hökumət başçılarının sammitinə hazırlıq işləri intensivləşib.

AZƏRTAC xəbər verir ki, 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan sammitin əhəmiyyəti İran ətrafındakı gərginlik və sonradan Vaşinqtonun NATO-ya qarşı sərt tənqidləri fonunda daha da artıb.

İlin əvvəlində Türkiyə paytaxtında keçiriləcək sammitdə müdafiə imkanlarının gücləndirilməsi və modernləşdirilməsi, kiber və enerji təhlükəsizliyi, vacib infrastrukturun qorunması, transatlantik münasibətlərin gələcəyi və müdafiə xərclərinin bölüşdürülməsi kimi mövzuların müzakirə ediləcəyi gözlənilirdi. Lakin “Epik qəzəb” əməliyyatının başlanması və Ağ Evin NATO müttəfiqlərindən gözlənilən dəstəyi təmin edə bilməməsi sammitin gündəliyini kökündən dəyişdirib.

Şimali Atlantika Alyansının dəstəyinin olmadığını tənqid edən ABŞ Prezidenti Donald Tramp Vaşinqtonsuz NATO-nu “kağız pələng” adlandırıb və belə bir sual verib: “Əgər onlar bizim tərəfimizdə deyillərsə, biz niyə onların yanında olmalıyıq?”

Ağ Evin mövqeyi hərbi alyansın gələcəyi ilə bağlı məsələni əhəmiyyətli dərəcədə aktuallaşdırıb və onun yeni fəaliyyət istiqamətləri üç aydan sonra Türkiyə paytaxtında müəyyən ediləcək.

İran ətrafında gərginliyin danışıqlar yolu ilə azaldılması ehtimalı və ya quru əməliyyatı ilə davam edib-etməyəcəyi hələ məlum olmasa da, Yaxın Şərqin simasını dəyişdirə biləcək münaqişə NATO-nun yenidən qiymətləndirilməsinə də səbəb ola bilər.

NATO-nun 32 üzv ölkəsinin liderlərinin qatılacağı sammitin proqramı iyulun 7-də Prezident Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi rəsmi şam yeməyi ilə açılacaq. İclaslardan sonra iyulun 8-də yekun Kommünike qəbul ediləcək.

NATO liderlərinin sammitinin “Beştəpə” Prezident Kompleksində, müdafiə və xarici işlər nazirlərinin görüşünün isə Ankaranın Etimesqut rayonunda yeni tikilmiş “Aypara və ulduz” kompleksində keçirilməsi planlaşdırılır.

Zirvə toplantısında iştirak edənlərin ümumi sayı təxminən 6000 nəfərə çata bilər.

Mediada yayılan məlumatlara görə, ABŞ da daxil olmaqla, bir neçə ölkə artıq nümayəndə heyətləri üçün otel sifariş edib.

Hər bir ölkə Türkiyəyə öz təhlükəsizlik xidməti əməkdaşlarını və həkim komandalarını göndərəcək.

Zirvə toplantısı zamanı Ankarada təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılacaq, ölkə daxilində çoxsaylı təhlükəsizlik qüvvələri yerləşdiriləcək və müəyyən küçə və prospektlər nəqliyyatın hərəkəti üçün bağlanacaq.

Türkiyə paytaxtındakı vəziyyətin hava və yerüstü monitorinqi üçün hərtərəfli plan hazırlanıb.

Sammitin keçiriləcəyi müddətdə Ankaradakı dövlət qulluqçularına məzuniyyət verilməsi ehtimalı da nəzərdən keçirilir.

Türkiyə analitikləri NATO-nun Ankaradakı sammitini Qara dəniz, Aralıq dənizi və Yaxın Şərq bölgələrində təhlükəsizlik məsələlərində Türkiyənin nüfuzunu gücləndirmək üçün bir fürsət kimi görürlər.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
74
50
azertag.az

10Mənbələr