AZ

Mərkəzi Asiya Avropa dəhlizləri TDT yı üzv dövlətlərə qlobal proseslərə təsir etmək imkanı verir ŞƏRH

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Bu gün dünyada baş verən gərgin geosiyasi proseslərin müharibə ilə müşahidə olunması birliyin və qarşılıqlı iqtisadi əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu göstərir. Türk Dövlətlər Təşkilatı (TDT) həm iqtisadi, həm də siyasi baxımdan nəinki regional, hətta qlobal səviyyəli bir beynəlxalq güc mərkəzinə çevrilə bilər. Bu gün Bakıda TDT hökumət başçılarının, o cümlədən Türkiyənin vitse-prezidentinin bir araya gələrək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsini müzakirə etmələri təqdirəlayiqdir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyəli iqtisadi ekspert, “Vətən” partiyasının iqtisadi siyasət bürosunun rəhbəri Həsən Topkurulu deyib.

Onun sözlərinə görə, qlobal səviyyəli birgə layihələrin birlikdə həyata keçirilməsi təşkilatın nüfuzu və siyasi proseslərdəki rolunu artıracaq.

“Orta Dəhliz və Mərkəzi Asiya-Avropa Yaşıl Enerji Dəhlizi üzv dövlətlərə qlobal proseslərə təsir etmək imkanı verir. Bu gün Avropanın TDT-nin enerji resurslarına böyük ehtiyacı var ki, bu faktın özü Avropa İttifaqı (Aİ) kimi beynəlxalq quruma təsir etmək imkanı qazandırır. Dəhliz Türkiyə ilə Azərbaycanı, eləcə də Mərkəzi Asiyadakı Türk dövlətlərini birləşdirir, onların daha yaxın əməkdaşlığını, bir-birini beynəlxalq arenada əsaslı dəstəkləməsini təmin edir, iqtisadi, siyasi, sosial və mədəni birliyin yaranaraq qlobal siyasi proseslərdə layiqli mövqe tutmasına imkan verir. 6 müstəqil Türk dövləti birlikdə 4,7 milyon kvadrat kilometr ərazini əhatə edir. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqı ölkələrinin ərazisi ümumilikdə 4 milyon kvadrat kilometrdir. Həmçinin, 6 müstəqil Türk dövləti birlikdə ümumi dünya əhalisinin 2 faizindən çoxunu təşkil edir. Bu gün müstəqil Türk dövlətlərinin toplam göstəricilərinə baxdıqda, ərazilərinə görə dünya ölkələri arasında 7-ci, əhali sayına görə 9-cu, ümumi daxili məhsul (ÜDM) istehsalına görə 16-cı, təbii qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra 4-cü, neft istehsalına görə 9-cu, qızıl və bor ehtiyatlarına görə 1-ci, uran ehtiyatına görə isə 2-ci yerdə dayanır. Qeyd edək ki, 1,1 trilyon dollar milli gəliri və 560 milyard dollarlıq xarici ticarət dövriyyəsi ilə türk dövlətləri böyük iqtisadi potensiala malikdirlər.

Bu potensialın birləşməsi və səmərəli istifadəsi hər bir üzv dövlətin ayrı-ayrılıqda və birlikdə güclənməsini təmin edəcək. Azərbaycan ilə Türkiyə alternativ enerji potensialları ilə yanaşı tranzit imkanına da malikdirlər. Bu amilləri hər iki dost və qardaş ölkəni təşkilat daxilində əhəmiyyətli aktora çevirir”, - deyə ekspert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
azertag.az

3Mənbələr