Müxalif qüvvələr seçkilərə parçalanmış bloklarla gedir, Karapetyan əsas fiqura çevrilir...
Poliqon xəbər verir ki, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində prorusiya yönümlü qüvvələrin üç ayrı blok şəklində seçkilərə qatılaraq sonradan koalisiya qurmaq planları ətrafında siyasi intriqalar güclənir. Məlumata görə, bu strategiya “Gümrü ssenarisi” kimi qiymətləndirilir və məqsəd hakimiyyətə birgə gəlməkdir.
Müxalifətin əsas cazibə mərkəzlərindən biri hazırda ev dustaqlığında olan milyarder Samvel Karapetyan hesab olunur. “Kremlin adamı” kimi tanınan oliqarx bir sıra prorusiya siyasətçilərin dəstəyini qazanıb. Xüsusilə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın yaxın tərəfdarlarının artıq Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının seçki siyahısına daxil edildiyi bildirilir.
Bir çoxları üçün gözlənilməz məqam isə digər sabiq prezident Levon Ter-Petrosyanın da Karapetyanı dəstəkləməsi olub. O, milyarderi “müxalifəti birləşdirə biləcək yeganə lider” kimi xarakterizə edib. Ter-Petrosyanın fikrincə, Karapetyan peşəkar iqtisadçılar və texnokratlardan ibarət effektiv hökumət formalaşdırmaq qabiliyyətinə malikdir və bu hökumət dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, əhalinin rifahının artırılmasına fokuslanacaq.
Bundan əlavə, sabiq prezident bildirib ki, Karapetyan hakimiyyətə gəldiyi halda Ermənistanın imzaladığı beynəlxalq sazişləri ləğv etməyəcək, əksinə, ölkənin öhdəliklərini daha da gücləndirəcək. Lakin Ter-Petrosyan bu qənaətinin hansı əsaslara söykəndiyini açıqlamayıb.
Son açıqlamalarında Ter-Petrosyan eyni zamanda Ermənistanda gedən siyasi proseslərə xarici qüvvələrin mümkün müdaxiləsi ilə bağlı da xəbərdarlıq edib. Analitiklər hesab edirlər ki, ölkədə seçki öncəsi siyasi dinamika getdikcə mürəkkəbləşir və müxtəlif güc mərkəzləri arasında rəqabət daha da kəskinləşir.
Poliqon.info