Aprelin 2-də Moldova Parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Sazişi, müvafiq protokolu və təşkilatın nizamnaməsini ləğv etmək qərarı qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Moldova Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Moldova Xarici İşlər Nazirliyi təsis sənədlərinin pozulması təşəbbüsünü irəli sürüb. Nazirlik vurğulayıb ki, MDB-nin fundamental dəyərlərinə və prinsiplərinə artıq hörmət edilmir və təşkilatın özü mövcudluq səbəbini itirib.
Moldovanın MDB-dən çıxmasının əsas arqumenti kimi Rusiya Federasiyasının ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin toxunulmazlığı prinsipini kobud şəkildə pozması göstərilib.
Xüsusilə, Kişinyov Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsini, Gürcüstana qarşı təcavüzünü və Rusiya qoşunlarının Moldova ərazisində, Dnestryanı bölgəsində qanunsuz mövcudluğunu birliyin təməllərinin tamamilə dağıdılmasının sübutu kimi göstərir.