AZ

Tuskdan sərt bəyanat: Dünyada baş verənlər Putinin ideal planına bənzəyir...

Polşa baş naziri NATO-nun zəifləməsi və Ukraynaya dəstəyin azalmasını Moskvanın xeyrinə qiymətləndirib...

Poliqon xəbər verir ki, Polşanın baş naziri Donald Tusk dünyada baş verən son proseslərin Rusiya prezidenti Vladimir Putinin maraqlarına uyğun olduğunu bildirib. Baş nazir X-də paylaşım edərək qeyd edib ki, NATO-nun parçalanması təhlükəsi, Rusiyaya qarşı neft sanksiyalarının zəifləməsi, Avropada enerji böhranının dərinləşməsi və Ukraynaya dəstəyin azalması Moskvanın strateji məqsədlərinə xidmət edir.

Tusk vurğulayıb ki, xüsusilə Ukraynaya maliyyə və hərbi yardımın zəifləməsi ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Avropa İttifaqının Kiyevə ayırmağı planlaşdırdığı 90 milyard avroluq kreditin Macarıstanın baş naziri Viktor Orban tərəfindən bloklanması vəziyyəti daha da mürəkkəbləşdirir.

Polşa hökumət başçısı hesab edir ki, bu proseslərin cəmi Rusiyanın mövqelərini gücləndirir və Qərb daxilində parçalanma yaradır. O, qeyd edib ki, mövcud tendensiyalar davam edərsə, bu, Ukraynanın müdafiə qabiliyyətinə və ümumilikdə Avropanın təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Eyni zamanda, ABŞ-də baş verən son açıqlamalar da diqqət çəkir. 1 aprel tarixində prezident Donald Tramp ABŞ-nin NATO-dan çıxması ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Həmin gün Financial Times nəşri yazıb ki, Tramp Avropa müttəfiqlərini Hörmüz boğazının blokadasının aradan qaldırılmasına təşviq etmək məqsədilə Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib.

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker isə bildirib ki, Tramp alyansla bağlı bütün məsələləri, o cümlədən Ukraynaya dəstəyi yenidən qiymətləndirir. Analitiklər hesab edirlər ki, bu cür açıqlamalar Qərb daxilində strateji qeyri-müəyyənliyi artırır və geosiyasi balansın dəyişməsinə səbəb ola bilər.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr