AZ

Xroniki bel ağrısının yeni səbəbi aşkar EDİLDİ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Alimlər xroniki bel ağrısının yaranmasının yeni səbəbini müəyyən ediblər. Araşdırmaya görə, ağrı zədələnmiş onurğa nahiyələrinə sinir liflərinin həddindən artıq yayılması nəticəsində meydana gələ bilər.

Redaktor.az xəbər verir ki, tədqiqat Con Hopkins Universitetinin Tibb Məktəbi alimləri tərəfindən aparılıb və nəticələri Bone Research jurnalında dərc olunub.

Araşdırma zamanı siçanlar üzərində aparılan təcrübələr göstərib ki, onurğa degenerasiyası zamanı sinir ucları normalda yerləşmədiyi sahələrə – fəqərələr və fəqərəarası disklər arasındakı toxumalara daxil ola bilir. Bu isə xroniki ağrının yaranması ilə əlaqələndirilir.

Alimlər həmçinin müəyyən ediblər ki, sümük toxumasının formalaşmasında iştirak edən hormon bu prosesə təsir göstərir. Həmin hormonun təsiri ilə osteoblast adlanan hüceyrələr Slit3 adlı zülalın istehsalını artırır. Bu zülal sinir liflərinə siqnal verərək onların zədələnmiş sahələrə daxil olmasının qarşısını alır.

Eksperimentlər zamanı müalicə bir neçə həftə ərzində müsbət nəticə verib. Siçanlarda fəqərələrin strukturu yaxşılaşıb, toxumaların məsaməliliyi azalıb və nəticədə sinir liflərinin yayılması və iltihab prosesi zəifləyib.

Eyni zamanda aparılan testlər heyvanlarda ağrının azaldığını da göstərib. Onlar təzyiqə daha davamlı olub, istilik təsirinə daha gec reaksiya verib və fiziki aktivlikləri artıb.

Alimlər qeyd edirlər ki, nəticələr hələlik yalnız heyvanlar üzərində aparılan tədqiqatlara əsaslanır və bu mexanizmin insanlarda necə işlədiyi hələ dəqiq məlum deyil. Buna baxmayaraq, araşdırma xroniki bel ağrısının müalicəsində yeni üsulların hazırlanmasına ümid yaradır.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
redaktor.az

2Mənbələr