Prezident Donald Tramp həftədə bir dəfə NATO-ya qarşı bəyanat verir və ölkəsinin Alyansdan çıxacağı ilə hədələyir. Ən son olaraq o, əminliklə deyib ki, ABŞ-ni NATO-dan çıxara biləcək. Bəs, bu məsələ yalnız prezidentin istəyi və qərarı ilə həll oluna bilən məsələdirmi? NATO üzvlüyünə qəbul və üzvlükdən çıxma qaydaları, hüquqi prosedurları necədir? Dövlətin NATO-dan çıxması prezidentin qərarı ilə bitmiş sayılır?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, NATO-ya üzvlük və çıxma prosedurlarının qeyd olunduğu NATO nizamnaməsi mövcuddur:
“NATO-ya qəbul prosesi bu sənədin 10-cu maddəsi ilə tənzimlənir. 10-cu maddəyə görə, yeni üzvlər yalnız mövcud üzvlərin yekdil razılığı ilə qəbul olunur. Namizəd ölkə, demokratik idarəetməyə sahib olmalı, hərbi və siyasi uyğunluq göstərməli, NATO standartlarına uyğunlaşmalıdır. Qəbul prosesi bir neçə mərhələdən ibarətdir.
NATO-dan çıxmaq mümkündür. Bu, müqavilənin 13-cü maddəsində nəzərdə tutulub. Hər hansı üzv dövlət NATO-dan çıxmaq istədiyini rəsmi yazılı bildirə bilər. Maraqlıdır ki, bunun üçün ABŞ hökumətinə rəsmi bildiriş göndərilməlidir. Çünki NATO üçün ABŞ depozitar dövlətdir. Bildiriş göndərildikdən 1 il sonra üzvlük avtomatik olaraq dayandırılır. Yəni hüquqi baxımdan çıxmaq mexanizmi sadədir”.
ABŞ-nin özünün NATO-dan necə çıxa biləcəyinə gəlincə, hüquqşünas qeyd edib ki, ABŞ Konstitusiyası baxımından NATO üzvlüyü bir beynəlxalq müqaviləyə əsaslanır. Bu müqavilə ABŞ Senatı tərəfindən ratifikasiya edilib. ABŞ Konstitusiyasında müqavilədən çıxmanın dəqiq proseduru açıq yazılmayıb. Amerikalı ekspertlərin rəyinə istinad etsək ölkə prezidenti NATO-dan çıxmaq qərarını təkbaşına versə belə, Senatın razılığı lazımdır. Çünki müqaviləni təsdiqləyən orqan Senatdırsa, çıxmaq üçün də onun razılığı tələb olunmalıdır. Bu məsələ ABŞ-də hüquqi mübahisəlidir və tam aydın presedent yoxdur. Son illərdə ABŞ Konqresində ölkənin NATO-dan çıxması üçün Senatın və ya Konqresin razılığını tələb edən qanun layihələri irəli sürülüb. Bu, prezidentin təkbaşına belə addım atmasının qarşısını almağa yönəlib”.
Etibar Seyidağa,
Musavat.com