AZ

Erməni mifini dağıdan 4 gün: Böyük Zəfərin ilk hərbi manifesti

Aprel döyüşlərindən Böyük Zəfərə uzanan yol, Azərbaycan iradəsinin sarsılmaz sınağı
“2016-cı ilin Aprel döyüşlərindən artıq 10 il ötür. Tarixin yaddaşına dörd günlük savaş kimi həkk olunan bu hərbi-siyasi hadisə əslində təkcə cəbhə xəttində qazanılmış taktiki üstünlük deyildi. Bu döyüşlər Azərbaycanın gələcək böyük zəfərlərinin, xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin siyasi, mənəvi və strateji bünövrəsi oldu. Aprel döyüşləri illərlə erməni ordusu ətrafında formalaşdırılmış “məğlubedilməzlik” mifini darmadağın etdi, Azərbaycan xalqında isə qələbəyə sarsılmaz inam yaratdı”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, uzun illər ərzində Azərbaycan cəmiyyətində belə bir ümid vardı ki, beynəlxalq hüquq, BMT qətnamələri və ATƏT-in Minsk qrupu vasitəsilə torpaqların işğaldan azad olunması mümkün olacaq. “Lakin zaman keçdikcə aydın oldu ki, beynəlxalq təşkilatlar və böyük güclər problemi həll etməkdən daha çox onu dondurmaq, bölgədə təsir rıçaqlarını saxlamaq niyyətindədirlər. Məhz bu reallıq Azərbaycanın siyasi iradəsini daha da möhkəmləndirdi: torpaqları yalnız dövlətin gücü, xalqın birliyi və lider qətiyyəti azad edə bilər”, - o vurğualyıb.

 Deputat bildirib ki, bu mərhələdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uzaqgörən strateji kurs xüsusi tarixi əhəmiyyət daşıdı: “Diplomatik masada danışıqları davam etdirən Azərbaycan paralel şəkildə ordusunu modernləşdirdi, hərbi gücünü artırdı, beynəlxalq müstəvidə siyasi mövqelərini möhkəmləndirdi. Dövlətin iqtisadi qüdrəti gücləndikcə, hərbi arsenal da yeni mərhələyə qədəm qoydu. Bu, Aprel döyüşlərində öz real nəticəsini göstərdi.

Aprel savaşları həm də milli psixologiyanın dönüş nöqtəsi idi. Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya daha əvvəl qəhrəman Mübariz İbrahimovun misilsiz şücaəti nümayiş etdirmişdisə, 2016-cı ilin aprelində bunu bütöv bir ordu təsdiqlədi. Azərbaycan əsgəri sübut etdi ki, illərlə yaradılmış saxta miflər, düşmən ordusu barədə şişirdilmiş təsəvvürlər reallıq qarşısında heç nədir. Cəmi dörd gün ərzində əldə edilən uğurlar xalqın qələbə ruhunu oyatdı, “Böyük Zəfər mümkündür” düşüncəsini milli şüura həkk etdi.

Məhz bu baxımdan Aprel döyüşləri İkinci Qarabağ müharibəsinin siyasi və mənəvi məşqi idi. 2020-ci ildə Azərbaycan ordusu 44 gün ərzində tarixi ədaləti bərpa edərkən, həmin qələbənin mənəvi başlanğıcı məhz 2016-cı ilin aprelində qoyulmuşdu. Aprel döyüşləri göstərdi ki, Azərbaycan artıq təkcə müdafiə olunan tərəf deyil, strateji təşəbbüsü ələ almağı bacaran, hədəfə doğru irəliləyən qalib dövlətdir.

Bu savaşların digər mühüm siyasi nəticəsi beynəlxalq güclərə verilən açıq mesaj idi: Azərbaycan artıq status-kvo ilə barışmayacaq. İllərlə bölgədə saxta balans yaratmağa çalışan dairələr gördülər ki, Azərbaycan xalqı və dövləti öz haqqını bərpa etmək əzmindədir. Aprel döyüşləri ilə başlayan bu proses 2020-ci ildə Şuşanın azadlığı ilə zirvəyə yüksəldi. Şuşa əməliyyatı hərbi tarixdə misli görünməmiş qəhrəmanlıq nümunəsi kimi dünyanı heyrətə gətirdi və Apreldə qazanılmış psixoloji üstünlüyün real strateji nəticəyə çevrildiyini göstərdi.
Türkiyənin Azərbaycana verdiyi qardaşlıq dəstəyi də bu tarixi yolun mühüm dayaqlarından biri oldu. Siyasi həmrəylik, mənəvi güvən və strateji tərəfdaşlıq Azərbaycanın regional güc statusunu daha da möhkəmləndirdi. “Bir millət, iki dövlət” fəlsəfəsi Böyük Zəfərə aparan yolda sarsılmaz sütun kimi çıxış etdi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə Aprel döyüşləri ilə başlanan tarixi prosesin son siyasi-hərbi mərhələsi oldu. Azərbaycan cəmi 24 saat ərzində suverenliyini tam təmin etməklə dünyaya növbəti dəfə göstərdi ki, bu dövlət öz milli maraqlarını qətiyyətlə qorumaq gücündədir. Əslində 24 saata əldə olunan bu nəticənin strateji kökləri də 2016-cı ilin Aprel savaşlarında formalaşmışdı.

Bu gün Aprel döyüşlərinə nəzər salanda aydın görünür ki, həmin savaş sadəcə dörd günlük hərbi əməliyyat deyildi. O, Azərbaycanın milli iradəsinin, dövlətçilik əzminin və Böyük Zəfərə inamının ilk parlaq hərbi manifesti idi. O döyüşlərdə qazanılan uğur xalqın ruhunu ayağa qaldırdı, ordunun gücünü dünyaya göstərdi və tarixə gedən yolu dəyişdi.

Aprel döyüşləri Böyük Zəfərin başlanğıcı, Şuşaya gedən yolun ilk qələbə marşı, Azərbaycanın tarixi ədaləti bərpa etmək iradəsinin sarsılmaz siyasi bəyanatı kimi əbədi yaşayacaq”.

 Mürtəza

Seçilən
34
1
olke.az

2Mənbələr