AZ

Dünyanın enerji probleminin həllində Orta Dəhlizin rolu - ŞƏRH

Bakı, 2 aprel, AZƏRTAC

Qlobal miqyasda enerji təhlükəsizliyi məsələsi getdikcə daha böyük aktuallıq kəsb edir. Dünyada sənayeləşmənin sürətlənməsi, əhalinin artımı, yeni texnologiyaların tətbiqi və iqtisadi inkişaf enerji resurslarına tələbatı əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, ənənəvi enerji marşrutlarında müşahidə olunan risklər, geosiyasi gərginliklər və təchizat zəncirində baş verən fasilələr dünya ölkələrini yeni alternativlər axtarmağa vadar edir. Belə bir şəraitdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) qlobal enerji sistemində mühüm strateji element kimi ön plana çıxır.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

“Orta Dəhliz Asiya ilə Avropa arasında yerləşən geniş coğrafiyanı əhatə etməklə, enerji və logistika baxımından çoxşaxəli imkanlar yaradır. Bu marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanaraq ənənəvi marşrutlarla müqayisədə daha çevik və təhlükəsiz alternativ təqdim edir. Xüsusilə son illərdə beynəlxalq ticarət və enerji daşımalarında müşahidə olunan dəyişikliklər Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz Orta Dəhlizin əsas logistik və enerji qovşaqlarından birinə çevrilib. Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, eyni zamanda, tranzit ölkə kimi də böyük strateji rol oynayır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan nəhəng enerji layihələri qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Bu layihələr vasitəsilə Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları dünya bazarlarına çıxarılıb və Avropanın enerji təchizatında diversifikasiya təmin edilib. Bu baxımdan Orta Dəhliz mövcud enerji infrastrukturu ilə sinxron şəkildə fəaliyyət göstərərək daha geniş imkanlar yaradır”, - deyə Aydın Hüseynov qeyd edib.

Deputatın sözlərinə görə, hazırda dünya enerji bazarında müşahidə olunan əsas tendensiyalardan biri mənbələrin və marşrutların şaxələndirilməsidir: “Bu istiqamətdə Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Çünki bu marşrut vasitəsilə enerji resurslarının alternativ yollarla daşınması mümkün olur və bu da təchizatın dayanıqlığını artırır. Orta Dəhliz yalnız ənənəvi enerji daşıyıcıları üçün deyil, eyni zamanda yaşıl enerji istiqamətində də böyük perspektivlər vəd edir. Son illərdə dünya ölkələri iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirir. Azərbaycan da bu prosesdə fəal iştirak edərək külək və günəş enerjisi sahəsində böyük layihələr həyata keçirir. Gələcəkdə bu enerjinin Orta Dəhliz vasitəsilə Avropa bazarlarına ixracı mümkündür”.

A.Hüseynov əlavə edib ki, Xəzər dənizinin külək enerjisi potensialı xüsusilə böyükdür və bu resurslardan səmərəli istifadə olunması regionu yaşıl enerji mərkəzinə çevirə bilər. Bu baxımdan Orta Dəhliz yalnız enerji daşımaları üçün deyil, həm də enerji istehsalı və ixracının yeni mərhələsi üçün platforma rolunu oynayır. Onun sözlərinə görə, Orta Dəhliz çərçivəsində həyata keçirilən infrastruktur layihələri – müasir limanların tikintisi, dəmir yolu xətlərinin yenilənməsi, logistika mərkəzlərinin yaradılması – region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Bu isə öz növbəsində enerji layihələrinin daha səmərəli icrasına şərait yaradır.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
20
1
azertag.az

2Mənbələr