AZ

Aprel döyüşləri – Böyük Zəfərə aparan yolun başlanğıcı

 

2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən və tarixə “Aprel döyüşləri” kimi düşən şanlı hərbi əməliyyatlar Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Bu döyüşlər təkcə hərbi uğur deyil, həm də milli ruhun oyanışı, xalq–ordu birliyinin parlaq təcəssümü kimi yadda qaldı.

Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Qısa müddətdə düşmənin ön xəttdəki müdafiə mövqeləri yarıldı, strateji əhəmiyyətli yüksəkliklər uğrunda gərgin döyüşlər başladı.

2 aprel tarixində döyüşlər ən intensiv mərhələyə qədəm qoydu. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi azad edildi. Bu yüksəklik üzərində nəzarətin bərpası Azərbaycan Ordusuna geniş ərazilərə vizual və taktiki üstünlük qazandırdı. Eyni zamanda Talış kəndi ətrafındakı mühüm mövqelər də nəzarətə götürüldü.

3 aprel tarixində döyüşlər davam etdirildi, azad olunmuş ərazilərdə möhkəmlənmə işləri aparıldı, düşmənin əks-hücum cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ordumuz həm canlı qüvvə, həm də texnika baxımından düşmənə ciddi zərbələr endirdi. Bu gün həm də Azərbaycan Ordusunun koordinasiyalı və yüksək peşəkarlıqla hərəkət etdiyini bir daha sübut etdi.

4 aprel tarixində əməliyyatların aktiv fazası davam etsə də, artıq üstünlük tam şəkildə Azərbaycan Ordusunun tərəfində idi. Düşmən geri çəkilməyə məcbur edildi, əldə olunan strateji mövqelər möhkəmləndirildi və cəbhə xəttində yeni reallıq formalaşdı.

5 aprel 2016-cı il tarixində tərəflər arasında əldə olunan razılaşmaya əsasən atəşkəs elan olundu. Lakin bu qısa müddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu uzun illərdən sonra ilk dəfə olaraq işğal altında olan torpaqların bir hissəsini azad etdi və düşmənə sarsıdıcı zərbə vurdu.

Aprel döyüşləri Azərbaycan xalqına qələbə sevinci ilə yanaşı, ağır itkilər də yaşatdı. Rəsmi məlumatlara əsasən, bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri 90-dan artıq hərbi qulluqçusunu şəhid verdi, bir neçə mülki şəxs də düşmənin atəşi nəticəsində həyatını itirdi. Buna baxmayaraq, qarşı tərəf daha böyük itkilərlə üzləşdi. Müxtəlif mənbələrə görə, Ermənistan silahlı qüvvələrinin yüzlərlə hərbçisi məhv edildi, çoxsaylı texnikası, o cümlədən tank və artilleriya qurğuları sıradan çıxarıldı. Bu itkilər bir daha göstərdi ki, Azərbaycan Ordusunun həyata keçirdiyi dəqiq və sarsıdıcı zərbələr düşmənin müdafiə xəttini iflic vəziyyətinə salmışdı.

Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir silahların tətbiqi, operativ idarəetmə, dəqiq koordinasiya və yüksək döyüş ruhu bu qələbənin əsasını təşkil etdi. Bu, illərlə aparılan ordu quruculuğu siyasətinin real nəticəsi idi.

Qazanılan bu qələbə Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı, işğal altında olan torpaqların azad ediləcəyinə inamı daha da möhkəmləndirdi. Məhz bu döyüşlər sonrakı illərdə baş verəcək böyük zəfərin – 2020-ci il Vətən müharibəsinin hərbi və mənəvi bünövrəsini formalaşdırdı.

Təcrübə göstərdi ki, bu qələbə təsadüfi deyildi. Məhz bu təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Qürurverici hal ondan ibarətdir ki, Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur.

Bu gün hər bir azərbaycanlı Aprel döyüşlərindən keçən yolun nəticəsi olaraq üçrəngli bayrağımızın Şuşa başda olmaqla işğaldan azad edilən bütün torpaqlarımızda qürurla dalğalanmasından sonsuz sevinc və iftixar hissi keçirir. Bir zamanlar Lələtəpədə ucalan bayraq artıq bütöv Qarabağın azad səmasında dalğalanır.

2026-cı ildə Aprel döyüşlərinin 10 illiyi qeyd olunarkən bu şanlı tarix bir daha sübut edir ki, Azərbaycan əsgərinin iradəsi sarsılmaz, vətən sevgisi isə əbədidir. Bu döyüşlər yalnız hərbi qələbə deyil, həm də milli ruhun oyanışı, xalq–ordu birliyinin təntənəsi idi.

Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
29
35
herbiand.az

10Mənbələr