Bir müddət öncə bir qrup müəllimin işdən çıxarılması səbəbindən Prezident İlham Əliyevə müraciət ünvanlaması barədə xəbərlərlə gündəmə gələn Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) haqda şikayətlər davam edir. Bu dəfə magistratura pilləsində təhsil alanlar ADNSU-da idarəetmə və tədris prosesi ilə bağlı etirazlarını bildiriblər.
Bir qrup magistrın Pravda.az-a ünvanladığı şikayətdən belə məlum olur ki, son bir ildə ADNSU daxilində tədris sistemi, tədris prosesi düzgün getmir.
Onların sözlərinə görə, altı aya yaxındır ki, universitetdə sistem işləmir, dəsr materiallarını yükləmək olmur: “İmtahanlara mühazirəsiz hazırlaşırıq. İmtahan yoxlanılır, digər imtahanın vaxtı çatır, amma əvvəlki imtahanın cavabı çıxmır. Balımız aşağı yazılanda şikayətə baxan olmur. Apellyasiya şikayəti verəndə isə deyirlər ki, müəllim balı qaldıranda ona töhmət verilir. Onda Apellyasiya prosesi niyə var? Digər problem isə tədris prosesidir. Bizə bu semestr ixtisasımızdan tam fərqli fənlər keçirilir. Əksər iş yerləri magistr diplomu istəyir ki, ixtisası yaxşı bilən kadr olsun. İxtisas keçmirlərsə, magistraturanı niyə oxuyuruq?”
Şikayətdə qeyd olunub ki, magistrların təqaüdləri də fevral ayından bəri xeyli gecikdirilib: “Mühasibatlıq deyir ki, hələ əmriniz çıxmayıb. Semestrin yarısı gedib, amma hələ əmr yoxdur. Universitetdə məsuliyyətsizlik baş alıb gedir, həll edən də yoxdur. Fevraldan təqaüdü vermirlər. Ən əsas problemlərdən biri isə dərs proqramının və onun tədrisindəki dəyişiklikdir. Biz qəbul olanda topladığımız bala və karyera hədəflərimizə uyğun olaraq ixtisaslar seçmişik. Lakin ikinci semestrdə deyirlər ki, hamı eyni ixtisası bitirəcək, yəni bakalavrdakı kimi geofizika və geologiya. Magistr mütəxəssisləşmək, ixtisaslaşmaq üçündür. Bu isə böyük problemdir, geologiya istəsə idik, geofizikaya qəbul olmazdıq və ya əksinə… Sistem dəyişdikdən sonra bütün ixtisas fənnlərini, mühazirə dərslərini birlikdə keçirik. Bu isə öz ixtisasını oxumaq istəyən tələbələr üçün əlavə problem, vaxt itkisi və dərsə fokuslana bilməməyə gətirib çıxarır”.
Pravda.az məsələni araşdırmaq üçün ADNSU-ya sorğu ünvanlayıb. Universitetin mətbuat katibi Hülya Sabirli saytımıza açıqlamasında deyib ki, elektron sistem 1 yanvar 2026-cı il tarixinə qədər olan müqaviləyə əsasən fəaliyyət göstərib və imtahan həftəsinə qədər bütün mühazirə materialları "UNIBOOK"da yerləşdirilib: “İmtahana qədər materialların əldə edilməməsi məsələsi aktual olmayıb. Belə ki, həmin dövrdə imtahan sualları da tələbələrə verilib. Tələbələr nəinki mühazirə mətni hətta imtahan sualları ilə də təmin ediliblər. Qanunvericiliyə əsasən, imtahanların təşkili qaydaları var. Tələbəyönümlü yanaşma əsasında imtahanlar arasında 3 gün vaxt intervalında təşkil edilib və tələbələrin daha yaxşı hazırlanmasına şərait yaradılıb. İmtahan nəticələri isə müəllimlərin yoxlamasından dərhal sonra həmin gün fakültələr tərəfindən elan edilib. Apellyasiya müraciətləri Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən imtahanların təşkili ilə daxil olan əmr əsasında yaradılmış Apellyasiya Komissiyası tərəfindən təşkil edilib. Bütün müraciətlər qəbul edilib və hər hansı müəllim barədə intizam tədbiri görülməsi ilə əlaqəli məlumat əsassızdır. 2025-2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası müddətində fəaliyyət göstərən Apellyasiya Komissiyasına ümumilikdə 486 müraciət daxil olub. Bunlardan 67-si magistratura səviyyəsində təhsil alan magistrantların payına düşür. Onlardan da 8-i təyin olunmuş vaxtda Apellyasiyada iştirak etməyib. Hətta razılaşmayan tələbələr olduqda ekspert yoxlanışı təşkil edilib. Ümumilikdə, 14 yazı ekspert yoxlanışı olub. Magistratura səviyyəsində təhsil standardı 2025-ci ilin sentyabr ayında ETN tərəfindən təsdiqlənib. Fənnlər də əməkbazarına uyğun müəyyənləşdirilib. Fənnlər semestr üzrə deyil tədris ili üzrə təsdiqlənir və müəllimlərin yükü müəyyənləşir”.
H.Sabirli təqaüdlərlə bağlı şikayətlərə də aydınlıq gətirib: “Təqaüdlər tələbənin əvvəlki tədris semestrindəki müvəffəqiyyətinə əsasən müəyyən edilir. İmtahan prosesi yekunlaşdıqdan dərhal sonra ÜOMG-lərin hesablanması və təyin edilməsi prosesi olub. Bu, hər tədris ilində iki dəfə (sentyabr və fevral) aylarında müəyyən edilir. Təqaüdlər artıq ödənilib”.
Mətbuat katibi magistrların ixtisaslarının dəyişdirilməsi barədə suala isə belə cavab verib: “Ölkədə bütün universitetlərə DİM tərəfindən bakalavr, magistr və doktorantura səviyyəsində qəbul aparılır. Universitetin ixtisas və ya ixtisaslaşma dəyişdirmə hüququ yoxdur və edə bilməz. Yalnız tələbələr transfer.gov.az üzərindən transferə müraciət edə bilərlər. Yəni universitetin tələbənin ixtisasını dəyişdirməsi əsasızdır”.
Aytəkin Qardaşova