AZ

Aprel döyüşləri Azərbaycan xalqında qələbə ruhunun dirçəlməsində mühüm rol oynayıb

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və peşəkarlığını nümayiş etdirən mühüm hərbi əməliyyatlardan biri olmuşdur. Bu döyüşlər nəticəsində strateji əhəmiyyətli mövqelər nəzarət altına alınmışdır. Aprel döyüşləri xalqımızın qürur mənbəyinə çevrilən şanlı bir qəhrəmanlıq səhifəsi oldu. Ordumuzun göstərdiyi şücaət hər bir vətəndaşın qəlbində böyük fəxarət hissi oyatdı.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə QHT.az-a açıqlanasında bildirib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-əməliyyat ölkəmizin hərbi gücünü və xalqın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.

Deputatın sözlərinə görə, “Aprel döyüşləri xalqımızın öz gücünə inamının möhkəmlənməsində və qələbə ruhunun yenidən dirçəldilməsində böyük rol oynadı".

V.Rəhimzadə qeyd edib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən keçmiş təmas xəttində yerləşən mövqelərimizi və mülki əhalini intensiv atəşə tutmağa başlayıb. Azərbaycan Ordusunun komandanlığı isə dərhal adekvat tədbirlərin görülməsi barədə qərar qəbul edib və cavab zərbələri nəticəsində düşmənin ön xəttdə və dərinlikdə yerləşən çoxsaylı canlı qüvvəsi və hərbi texnikası sıradan çıxarılıb.

Vüqar Rəhimzadə bildirib ki, uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətində strateji yüksəkliklər işğalçılardan təmizlənib, bununla da Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırılıb. Onun sözlərinə görə, digər istiqamətdə strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyi də Azərbaycan Ordusunun nəzarətinə keçib.

Deputat vurğulayıb ki, ağır döyüşlər zamanı düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, həmçinin Suqovuşan ərazisində yerləşən qərargah və əsas hərbi hissələr dağıdılıb.

O əlavə edib ki, Lələtəpənin azad olunması mülki əhalinin Cocuq Mərcanlı kəndinə qayıdışını mümkün edən mühüm hadisələrdən biri olub.

Deputatın fikrincə, “Aprel döyüşləri Zəfərə aparan yolun başlanğıcı olaraq dövlətimizin gücünü, xalqımızın birliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi”.

V.Rəhimzadənin sözlərinə görə, iki il sonra Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı da ordumuzun qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu bir daha sübut edib.

Deputat sonda qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa edib və bu gün üçrəngli bayrağımız azad Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanır.

Fatimə Nəbiyeva

Seçilən
13
qht.az

1Mənbələr