AZ

Paşinyan-Putin görüşü: İrəvanın “Moskva gedişi” və seçki öncəsi risklər

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və prezident Vladimir Putinlə görüşü bölgədəki siyasi gərginlik fonunda xüsusi diqqət çəkir.

Musavat.com xəbər verir ki, politoloq Asif Nərimanlı bu görüşün iki əsas hədəfə hesablandığını bildirib.

qaynarinfo.az

Politoloqun fikrincə, Paşinyanın əsas məqsədlərindən birincisi seçki öncəsi Rusiya ilə münasibətləri normallaşdırmaq, daxili auditoriyaya və xüsusilə Moskvaya arxalanan müxalifətə Putinlə “probleminin olmadığı” mesajını verməkdir.

İkinci mühüm hədəf isə Rusiyanın Ermənistandakı seçki prosesinə mümkün müdaxiləsini neytrallaşdırmaqdır.

Seçki öncəsi gərginliyin artdığı bir vaxtda Putinlə təmasların davam etməsi Paşinyan hakimiyyəti üçün həyati əhəmiyyət kəsb edir. Çünki onun əsas opponentləri Moskva ilə dərin bağlara malikdir:

  • Robert Koçaryan: Putinlə şəxsi dostluğu vasitəsilə hakimiyyət dəyişikliyinə ümid edir.

  • Samvel Karapetyan: Rusiyalı milyarderin İrəvanda “Kreml missiyası”nı icra etdiyi artıq sirr deyil.

  • Erməni Kilsəsi: Paşinyanın kilsə ilə mübarizəsində Rusiya Qaregin tərəfdarlarını dəstəkləyir.

Asif Nərimanlı qeyd edir ki, görüşdə Putinin səsləndirdiyi fikirlər İrəvanın istədiyi nəticəni tam almadığını göstərir. Rusiya lideri Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələrin seçkidə iştirakını və Rusiyada yaşayan 2 milyon erməninin səsvermə hüququnun təmin olunmasını tələb etməklə rusiyapərəst qüvvələrin yanında olduğunu nümayiş etdirib. Eyni zamanda, İrəvanın Aİİ üzvü ola-ola Avropa İttifaqı ilə yaxınlaşmasını "qəbuledilməz" adlandırıb.

Paşinyan üçün uğurlu hesab olunmayan bu görüş, Rusiyanın Ermənistan seçkilərini öz mövqelərini gücləndirmək fürsəti kimi gördüyünü təsdiqləyir. Bunun fərqində olan rəsmi İrəvan artıq Avropa İttifaqından dəstək istəyib. Brüsselin Moldova ssenarisinə uyğun olaraq İrəvana “xüsusi missiya” göndərmək planı da məhz bu ehtiyacdan doğur.

Görünən odur ki, 7 iyun seçkilərində Ermənistan Rusiya və Qərb qarşıdurmasının əsas poliqonuna çevriləcək.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr