AZ

"Artemis II" Ay yolunda - Tarixi missiyanın 10 günlük marşrutu məlum olub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

NASA-nın 50 ildən sonra Aya göndərdiyi ilk ekipajlı kosmik gəmisi aprelin 6-da Ayın orbitinə çatacaq və "sərbəst qayıdış" trayektoriyası ilə Yerə dönəcək.

TurkicWorld xəbər verir ki, NASA-nın "Artemis II" missiyası çərçivəsində "Orion" kapsulu dörd astronavtla birlikdə kosmosa uğurlu uçuş edib. Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən havalanan 98 metrlik SLS raketi bəşəriyyətin dərin kosmos tədqiqatlarında yeni bir səhifə açıb.

Missiya çərçivəsində ekipaj uçuşun ilk iki gününü Yerin yüksək orbitində gəminin sistemlərini yoxlamaqla keçirəcək və daha sonra "Aya keçid inyeksiyası" manevrini icra edərək birbaşa peykimizə doğru istiqamət alacaq. Növbəti üç gün ərzində "Orion"un sistemləri monitorinq ediləcək, eyni zamanda astronavtlar kosmik geyim testlərini tamamlayacaqlar. Beşinci gün gəmi Ayın qravitasiya sahəsinə daxil olacaq və aprelin 6-da missiyanın ən vacib mərhələsi olan Ay ətrafında yaxın məsafəli uçuş baş tutacaq.

Ay ətrafındakı dövrədən sonra gəmi əlavə yanacaq tələb etməyən trayektoriya ilə Yerə doğru qayıdış yoluna çıxacaq. Bu müddət ərzində ekipaj müxtəlif tibbi və elmi tədqiqatlar aparacaq, nəhayət aprelin 10-da kapsul saatda 40 230 km sürətlə Yer atmosferinə daxil olaraq Sakit okeana eniş edəcək. Missiyaya komandir Rid Vizman rəhbərlik edir və heyətdə pilot Viktor Qlover, mütəxəssislər Kristina Kox və Ceremi Hansen yer alıb.

"Artemis II" uğurla tamamlanarsa, NASA 2027-ci ildə astronavtları Ayın orbitində xüsusi eniş aparatlarına köçürməyi və 2028-ci ildə yenidən Ay səthinə eniş etməyi hədəfləyir.

Seçilən
45
turkic.world

1Mənbələr