Yeni tədqiqat dünyanın ən məşhur və ən mübahisəli relikviyalarından biri sayılan Turin kəfəni ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına alıb. Alimlər onun mənşəyinin Hindistanla bağlı ola biləcəyini ehtimal edir...
Poliqon xəbər verir ki, bu barədə Wionews yazır.
Söhbət uzunluğu 4,4 metr olan parçadan gedir ki, bir çoxları onu İsa Məsihin dəfn örtüyü hesab edir. Parça üzərində ənənəvi ikonoqrafik təsvirlərə bənzəyən bir sima əks olunub.
Padua Universitetindən tədqiqatçı Canni Barkacça 1978-ci ildə toplanmış nümunələri yenidən təhlil edib. Onun sözlərinə görə, kəfən üzərində aşkar edilən insan DNT-sinin təxminən 40%-i Hindistan mənşəlidir.
Eyni zamanda nümunələrin ciddi şəkildə çirkləndiyi məlum olub: parça üzərində insanlarla yanaşı müxtəlif heyvanların – pişik, it, iri buynuzlu mal-qara və vəhşi növlərin DNT-si aşkarlanıb. Həmçinin bitki və hətta balıq izləri də qeydə alınıb.
Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr relikviyanın müxtəlif regionlardan olan insanlarla geniş təmasda olduğunu və ya parçanın ilkin olaraq Hindistan bölgəsində hazırlanaraq sonradan Avropaya gətirildiyini göstərə bilər.
Bununla belə, bütün alimlər bu nəticələrlə razı deyil. Məsələn, Anders Yöterström kəfənin Avropa mənşəli olduğunu və XIII–XIV əsrlərə aid edildiyini bildirir.
Onun mövqeyi 1988-ci ildə aparılmış radiokarbon analizinin nəticələri ilə qismən təsdiqlənir; həmin analiz də orta əsrlər dövrünü göstərmişdi. Bundan əlavə, hələ XIV əsrdə teoloq Nikol Orem bu relikviyanı saxta adlandırmışdı.
Poliqon.info