Təyyarə salonunda yaşlı sərnişinlərin necə yerləşdirilməsi fövqəladə hallar zamanı təhlükəsizliyə ciddi təsir göstərə bilər...
Poliqon xəbər verir ki, Express nəşrinin yeni araşdırmaya istinadən yazdığına görə, yaşlı insanların düzgün yerləşdirilməsi evakuasiya müddətini qısalda və ümumi riskləri azalda bilər.
Materialda qeyd olunur ki, müasir təyyarələr 90 saniyə ərzində tam evakuasiya üçün layihələndirilir. Lakin kompüter modelləşdirməsi göstərib ki, salonda çox sayda yaşlı sərnişinin olması bu prosesi ləngidə bilər. Tədqiqatçılar vurğulayır ki, yaşlı sərnişinlərin "yüksək payı" və onların "uğursuz yerləşdirilməsi" evakuasiya müddətinin uzanmasına və çıxışların qeyri-bərabər istifadəsinə səbəb olur.
Söhbət Sidney və Kalqari universitetlərinin alimləri tərəfindən aparılan eksperimentdən gedir. Onlar dünyanın ən geniş yayılmış təyyarələrindən biri olan Airbus A320 modeli üzərində 27 evakuasiya ssenarisini modelləşdiriblər. Hər ssenaridə 60 yaşdan yuxarı sərnişinlərin sayı və onların salondakı yerləşməsi dəyişdirilib.
Ən sürətli ssenaridə 152 sərnişindən 30-u yaşlı olub və onlar salon boyunca bərabər paylanıb. Buna baxmayaraq, evakuasiya 141 saniyə çəkib ki, bu da normadan xeyli çoxdur. Ən pis nəticə isə – 218 saniyədən artıq – yaşlı sərnişinlərin daha çox olduğu və xaotik şəkildə yerləşdirildiyi halda qeydə alınıb.
Tədqiqat müəllifləri aviaşirkətlərə sərnişinlərin yerləşdirilməsi ilə bağlı yanaşmaları yenidən nəzərdən keçirməyi tövsiyə edirlər. Xüsusilə, hərəkət qabiliyyəti məhdud olan şəxslərin salonun müxtəlif hissələrində bərabər paylanması məsləhət görülür, hətta bu, uçuş zamanı qohumların və ya cütlüklərin ayrılması ilə nəticələnsə belə. Həmçinin, yaşlı sərnişinlər üçün əlavə təhlükəsizlik təlimatlarının keçirilməsi evakuasiyanı sürətləndirə bilər.
"Tədqiqatın nəticələrinin aviaşirkətlərə riskləri əvvəlcədən azaltmağa kömək edəcəyinə ümid edirik. Sərnişinlərin yerləşdirilməsinin təsirini anlamaq daha düşünülmüş sxemlərin tətbiqinə imkan verəcək və bu, aviaşirkətlərin fəaliyyətinin effektivliyini azaltmayacaq", deyə tədqiqatın həmmüəllifi doktor Çenyan Çjan bildirib.
Poliqon.info