AZ

1972-ci ildən bəri ilk dəfə: Dörd astronavt Aya yola düşdü

Göyərtəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) dörd astronavtı olan "Orion" kosmik gəmisi ilə birlikdə "Space Launch System" (SLS) daşıyıcı raketi Aya doğru start götürüb.
 
Moderator.az xəbər verir ki, 1972-ci ildən bəri Yerin peykinə ilk pilotlu missiyanın yayımı NASA-nın saytında aparılıb. "Orion" kosmik gəmisi startdan 8 dəqiqə sonra orbitə çıxıb.
 
Buraxılış yerli vaxtla saat 18:35-də (Bakı vaxtı ilə 02:35) Con Kennedi adına Kosmik Mərkəzin meydançasından həyata keçirilib. Gözlənildiyi kimi, NASA astronavtları Rid Vaysman, Kristina Kuk və Viktor Qlover, eləcə də kanadalı astronavt Ceremi Hansen Ayın səthinə enmədən onun ətrafında dövrə vuracaq, bundan sonra isə Yerə qayıdacaqlar. Missiyanın ümumi müddəti 10 gün olaraq nəzərdə tutulub.
 
Buraxılışa bir saat yarım qalmış mühəndislər uçuşun məsafədən dayandırılması sistemində nasazlıq aşkar ediblər, lakin problem operativ şəkildə aradan qaldırılıb.
 
Aya sonuncu pilotlu missiya 1972-ci ilin dekabrında Amerikanın "Apollon-17" ekspedisiyası çərçivəsində baş tutub.
 
2019-cu ilin yazında NASA üç mərhələdən ibarət "Artemis" ("Artemida") Ay proqramı layihəsini elan edib. Onlardan birincisi (Artemis I) "Orion" gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını nəzərdə tuturdu. Uçuş 16 noyabr - 11 dekabr 2022-ci il tarixlərində baş tutub. Proqramın ikinci mərhələsi (Artemis II) göyərtəsində heyət olmaqla Yerin təbii peykinin ətrafında dövrə vurmağı ehtiva edir. Üçüncü mərhələdə (Artemis III) NASA astronavtların Aya enişini həyata keçirməyi planlaşdırır.
 
2025-ci ilin iyununda ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirmişdi ki, Aya eniş yaxın 3.5 il ərzində baş tuta bilər, halbuki əvvəllər NASA təxmini müddət olaraq 2027-ci ilin ortalarını göstərirdi.
Seçilən
58
1
moderator.az

2Mənbələr