Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Şabanəli Qurbanəliyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, hadisə 30 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu “8 Noyabr” prospektində qeydə alınıb.
Belə ki, Şabanəli Qurbanəliyev idarə etdiyi "Ford Fusion" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi işıqforun qırmızı işığında dayanmış, 1977-ci il təvəllüdlü Anar Məmmədovun idarə etdiyi “Chevrolet-Cobalt” markalı maşınla toqquşub. Bu zaman həmin avtomobil irəli hərəkət edib qarşıda dayanmış “Graat Wall” markalı maşına və təkrarən yol ayrıcına daxil olan “Hyundai-Aventa” markalı avtomobilin arxa sağ hissəsinə çırpılıb. Nəticədə “Chevrolet-Cobalt”ın sürücüsü Anar Məmmədov ölüb.
Hadisədən sonra Şabanəli Qurbanəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilməyib.
Kamal Məmmədov