AZ

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

Azərbaycan-Çin münasibətləri son illərdə yeni strateji mərhələyə daxil olaraq hər iki tərəf üçün fayda verən əməkdaşlıq modelinə çevrilib. Təsadüfi deyil ki, hazırda iki ölkə arasındakı münasibətlər diqqətəlayiq nümunə kimi qəbul edilir. Bu əlaqələrin inkişaf dinamikası göstərir ki, hər iki tərəf əməkdaşlığın genişlənməsində maraqlıdır.

Bir neçə gün əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə göndərdiyi təbrik məktubunda Azərbaycanla bağlı səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ortaya qoyur. Çin hökuməti və xalqı adından Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və bütün Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrik ünvanlanan məktubda deyilir: "Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram. Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram". 

İki ölkə arasında münasibətlər artıq real nəticələr verən, konkret layihələrlə müşayiət olunan yeni inkişaf mərhələsindədir. Xüsusilə 2024-cü ildən etibarən əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli münasibətlərə yeni məzmun qazandırıb. Bu tərəfdaşlığın səmərəliliyi artan iqtisadi göstəricilər və icra edilən strateji layihələr ilə təsdiqlənir.

2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində iki ölkə arasında "Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" bu istiqamətdə ən mühüm hüquqi təməldir. Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri isə bütün sahələr üzrə qarşılıqlı əlaqələrin dərinləşməsində və strateji hədəflərin müəyyənləşməsində tarixi hadisə oldu. Səfər zamanı imzalanan "Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat" Azərbaycan-Çin əlaqələrini yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında olan güclü siyasi etimadın bariz nümunəsidir. Çinlə qurulan bu strateji tərəfdaşlıq Azərbaycanın həm regionda, həm də dünyada nüfuzunu artırır. Bəyanat mövcud siyasi əlaqələrin daha da möhkəmləndiyini təsdiq edir, əməkdaşlıq üçün geniş imkanlar açır. 

İki ölkə arasında əmtəə dövriyyəsinin 4 milyard ABŞ dollarına çatması əməkdaşlığın real iqtisadi nəticələr verdiyini təsdiqləyir. Bu rəqəm həmçinin qarşılıqlı etimadın və iqtisadi inteqrasiyanın dərinləşdiyini göstərən mühüm amillərdəndir. 

Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsündə oynadığı rol isə bu münasibətləri daha da strateji müstəviyə daşıyır. Ölkəmizin coğrafi mövqeyi onu təbii tranzit mərkəzinə çevirir. Orta dəhliz vasitəsilə Çinlə Avropa arasında yükdaşımaların artması Azərbaycanın qlobal logistika xəritəsində əhəmiyyətini daha da artırır. 

Əməkdaşlığın coğrafiyası genişlənməkdə davam edir. Əgər əvvəllər əsas diqqət enerji və ticarət sahələrinə yönəlirdisə, indi yeni istiqamətlər ön plana çıxır. Xüsusilə, bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri diqqət çəkir. Azərbaycanın "yaşıl enerji" potensialı, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr Çin investorları üçün cəlbedici imkanlar yaradır. İki ölkə arasında kənd təsərrüfatı, turizm, sənaye və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın genişlənməsi müşahidə olunur.

Daha bir mühüm məqam isə müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin gündəmə gəlməsidir. Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində hərbi-texniki əməkdaşlıq və müştərək müəssisələrin yaradılması ilə bağlı səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycanla Çin arasında münasibətlər yeni istiqamətləri əhatə etməyə başlayır. Bu, tərəflər arasında yüksəksəviyyəli siyasi etimadın mövcudluğundan xəbər verir. Belə əməkdaşlıq ölkəmiz üçün texnoloji transfer və sənaye potensialının güclənməsi deməkdirsə, Çin üçün regionda etibarlı tərəfdaşla əlaqələrin dərinləşməsi anlamına gəlir.

Münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, qarşılıqlı olaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqlik nümayiş etdirirlər. Bu isə münasibətlərin möhkəm siyasi və hüquqi təməllərə söykəndiyinin bariz göstəricisidir.

Bu gün Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edən, çoxşaxəli və dayanıqlı tərəfdaşlıq modeli kimi xarakterizə olunur. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat layihələri, enerji təhlükəsizliyi, müdafiə sənayesi və humanitar əlaqələr bu əməkdaşlığın əsas istiqamətləridir. Görünən odur ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək.

Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq, sadəcə, iki ölkənin maraqlarına xidmət etmir. Bu tərəfdaşlıq, eyni zamanda Avrasiya regionunda əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə töhfə verir.

Təhminə VERDİYEVA,

"Azərbaycan"

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr