AZ

Selin təsiri: bazarda sabitlik, yoxsa bahalaşma riski?

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər ölkədə müşahidə olunan intensiv yağıntılar və bəzi ərazilərdə baş verən sel hadisələri kənd təsərrüfatı sektoruna mümkün təsirləri ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Xüsusilə bazarlarda ərzaq məhsullarının qiymətində dəyişiklik olub-olmayacağı məsələsi həm istehlakçılar, həm də fermerlər üçün ciddi maraq doğurur. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bahalaşma ehtimalları tez-tez səsləndirilsə də, bu məsələyə birmənalı yanaşma yoxdur.

İqtisadçı ekspert Günay Hüseynova “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, hazırkı dövr kənd təsərrüfatı məhsullarının bazara bol şəkildə daxil olduğu mövsümə təsadüf edir və bu baxımdan qiymətlərin artması iqtisadi baxımdan məntiqli deyil.

“Təşvişə əsas yoxdur”

O, qeyd edib ki, son günlər intensiv yağıntılar və bəzi ərazilərdə müşahidə olunan sel hadisələri fonunda bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin artacağı ilə bağlı narahatlıqlar səsləndirilir: “Lakin mütəxəssislər hesab edir ki, mövcud vəziyyət qiymət artımı üçün real iqtisadi əsas yaratmır.

Belə bir mərhələdə bazar qanunlarına görə qiymətlər ya stabil qalmalı, ya da müəyyən qədər enməlidir. Bu səbəbdən hazırda hər hansı ciddi qiymət artımından danışmaq üçün obyektiv əsas yoxdur. Əgər bazarda bahalaşma müşahidə olunursa, bu, daha çox süni qiymət artımı və bəzi işbazların vəziyyətdən istifadə etmək cəhdləri ilə bağlıdır. Sel hadisələrinin təsir dairəsi də düzgün qiymətləndirilməlidir.

Baş verən sel və su basma halları əsasən Bakı və Sumqayıt şəhərlərində müşahidə olunub. Bunun əsas səbəbi normadan artıq yağan intensiv yağışlar, bəzi ərazilərdə kanalizasiya sisteminin köhnəlməsi və infrastruktur problemləri, həmçinin Sumqayıtda su borusunun partlaması ilə bağlıdır. Regionlarda isə vəziyyət bu qədər kritik olmayıb və kənd təsərrüfatı istehsalına genişmiqyaslı təsir qeydə alınmayıb”.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının əsas hissəsi regionlarda istehsal olunduğu üçün bazarın təchizatında ciddi problem yaranmayıb: “Regionlarda istehsal prosesi davam edir və məhsullar bazara normal şəkildə daxil olur. Bu baxımdan qiymət artımı üçün real əsas yoxdur və bazarda müşahidə olunan bahalaşma iqtisadi reallıqla uyğunlaşmır.

İntensiv yağıntılar müəyyən qədər məhsuldarlığa təsir göstərə bilər, lakin bu təsir daha çox növbəti aylarda hiss oluna bilər.Yağışların davamlı olması bəzi məhsulların həcminə və keyfiyyətinə təsir edə bilər. Lakin bu, dərhal bazarda kəskin qiymət artımına səbəb olmur. Çünki idxal imkanları hesabına bazarda tarazlıq qoruna bilər və təklif çatışmazlığının qarşısı alınar. Mövcud vəziyyət təşviş yaratmalı deyil.

Kənd təsərrüfatı məhsulları ilə bağlı hər hansı panikaya ehtiyac yoxdur. Əksinə, bazarda süni qiymət artımlarının qarşısının alınması üçün nəzarət gücləndirilməli, istehlakçıların maraqları qorunmalıdır”.

İqtisadçı qeyd edib ki, bazar mexanizmlərinin düzgün işləməsi və operativ nəzarət nəticəsində qiymətlər sabit qalacaq və mövsümi bolluq öz təsirini göstərəcək”.

Sel və qiymətlər

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, sel nəticəsində məhsul itkisi böyükdürsə, logistika zənciri pozulursa və ya əkin sahələri yararsız hala düşürsə, bu halda ərzaq məhsullarında bahalaşma daha real görünür.

Onun sözlərinə görə, son dövrlərdə müşahidə olunan intensiv yağıntılar və sel hadisələri fonunda kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı müxtəlif proqnozlar səsləndirilir: “Ümumilikdə belə təbii fəlakətlər kənd təsərrüfatına ciddi ziyan vurduğu halda bazarda təklifin azalmasına və nəticə etibarilə qiymətlərin artmasına səbəb ola bilər. Lakin bu təsirin real səviyyəsi birbaşa olaraq dəyən ziyanın miqyasından və əhatə dairəsindən asılıdır. Xüsusilə təzə meyvə-tərəvəz, taxıl və yerli istehsaldan asılı digər məhsullarda bu təsir daha tez hiss olunur. Çünki bu məhsulların təchizatı birbaşa yerli istehsalla bağlıdır və hər hansı fasilə bazara dərhal təsir edir. Hazırkı mərhələdə vəziyyətə ehtiyatla yanaşmaq vacibdir. Qəti nəticə çıxarmaq üçün selin vurduğu ziyanın real həcmi, hansı əraziləri əhatə etməsi və məhsuldarlığa təsir dərəcəsi tam qiymətləndirilməlidir. Bəzən lokal xarakterli fəlakətlər ümumi bazara ciddi təsir etmir. Burada mövsümi faktorlar da mühüm rol oynayır.

Hələ erkən yaz dövrüdür. Dənli bitkilər, kartof, soğan və istixana məhsulları istisna olmaqla, açıq sahədə yetişdirilən tərəvəzlərin böyük hissəsi hələ torpağa köçürülməyib. Yaz əkin prosesi yeni başlayır. Əgər torpaq strukturu ciddi zədələnməyibsə, genişmiqyaslı itkilər gözlənilmir”.

Ekspert əlavə edib ki, qiymət dinamikası yalnız təkliflə müəyyən olunmur: “Dövlət tərəfindən idxalın artırılması, ehtiyat fondlarının dövriyyəyə buraxılması və subsidiyaların tətbiqi qiymət artımının qarşısını qismən ala bilər. Eyni zamanda, zərər görməyən regionlardan məhsul axınının artması bazarda tarazlığı qorumağa imkan verir. Bəzi hallarda alternativ ssenarilər də mümkündür. Əgər təchizat çevik şəkildə təşkil olunarsa, bəzi məhsullar üzrə qiymətlər sabit qala, hətta qısamüddətli ucuzlaşma da müşahidə edilə bilər. Ümumi mənzərədə müəyyən risklər mövcuddur.Sel fəlakətlərinin kənd təsərrüfatına təsiri fonunda bazarda bahalaşma riski daha yüksək qiymətləndirilir. Lakin bu riskin reallaşıb-reallaşmayacağı ziyanın miqyası, dövlətin müdaxiləsi və bazarın reaksiyasından asılı olacaq.

Vəziyyət diqqətlə izlənilməli, tələskən qərarlar verilməməli və bazarda sabitliyin qorunması üçün operativ addımlar atılmalıdır.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
icma.az

1Mənbələr