AZ

Moskvadan mesaj: “Soyqırım” tezisi rəsmi səviyyəyə qaldırıldı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında “Sovet xalqının soyqırımı” adlı xüsusi tematik bölmə yaradılıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova telegram kanalında məlumat verib. O, yazıb ki, yeni bölmədə Rusiya Federasiyası Prezidenti yanında Milli Tarixi Yaddaş Mərkəzi və Rusiya Hərbi-Tarix Cəmiyyəti ilə birgə hazırlanmış materiallar və məqalələr toplanacaq.

Burada “Müddətsiz” (“Без срока давности”) layihəsinə və “İstoriya.rf” portalına aid tarixi sənədlər artıq dərc olunub. Bölmənin mütəmadi olaraq yenilənməsi, yeni rubrikaların əlavə edilməsi və əsas materialların müxtəlif dillərə tərcüməsi planlaşdırılır.

Xatırladaq ki, 29 dekabr 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan fərmana əsasən, 19 aprel 1941–1945-ci illər Böyük Vətən Müharibəsi dövründə nasistlər və onların əlaltıları tərəfindən törədilmiş sovet xalqının soyqırımı qurbanlarının anım günü kimi təsis edilib.

Rusiya Xarici İşlər Nazirliyi İstintaq Komitəsi və digər aidiyyəti qurumlarla, həmçinin Milli Tarixi Yaddaş Mərkəzi ilə birgə nasist işğalçılarının cinayətlərinin Sovet İttifaqı xalqlarına qarşı soyqırımı kimi tanınması istiqamətində sistemli iş aparıldığını bildirir.

Nigar Həsənli
Musavat.com

 

Seçilən
69
musavat.com

1Mənbələr